Dünya Azərbaycanlı Gənclər Təşkilatının təşəbbüsü ilə Almaniyanın Köln şəhərində “Qərbi Azərbaycan reallıqları” mövzusunda ictimai müzakirə keçirilib. SİA xəbər verir ki, görüşün məqsədi Qərbi Azərbaycana qayıdış hüququ, ictimai diplomatiya və beynəlxalq-hüquqi mexanizmlər barədə ictimai məlumatlandırmanı artırmaq, eləcə də bu sahədə fəaliyyət göstərən qurumlar və ekspertlər arasında əməkdaşlığı dərinləşdirmək olub. Tədbir Dünya Azərbaycanlı Gənclər Təşkilatının tərəfdaşları - Qərbi Azərbaycan İcması (Western Azerbaijan Community), Almaniya Azərbaycanlıları Alyansı və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi ilə əməkdaşlıq şəraitində baş tutub.
Dünya Azərbaycanlı Gənclər Təşkilatının sədri Ramin Həbibzadə tədbirdə çıxış edərək Qərbi Azərbaycanın tarixi, demoqrafik reallıqları və mədəni irsi barədə məlumat verib. O, gənclərin şəbəkələşməsi, maarifləndirici təşəbbüslərin genişləndirilməsi və bilik-resurs mübadiləsinin sistemli şəkildə təşkilinin zəruriliyini vurğulayıb.
İrəvan xanı Hüseynəli xanın nəslinin nümayəndəsi Əmir Əli Sərdar İrəvani çıxışında İrəvan xanlığının tarixi və nəsil şəcərəsinə dair arxiv mənbələrindən, xatirə yazılarından və şifahi tarix materiallarından bəhs edib. O, İrəvan şəhərinin çoxqatlı tarixi-mədəni siması, demoqrafik dəyişmələri və bölgənin formalaşmasında Azərbaycan türk icmasının rolundan söz açıb. İrəvanda mövcud olmuş məscidlər, karvansaralar, qəbiristanlıqlar və digər tarixi abidələr haqqında faktları diqqətə çatdıran Əmir Əli Sərdar İrəvani mədəni irsin qorunması ilə bağlı məlumatlandırma işinin beynəlxalq səviyyədə aparılmasının önəmini qeyd edib. Diaspor müstəvisində bu irsin kimlik və yaddaşın daşıyıcısı kimi dəyərini vurğulayan natiq gənclərin tarixi bilik əsasında ictimai diplomatiyada daha fəal rol almalarının zəruriliyini bildirib.
Almaniya Azərbaycanlıları Alyansının idarə heyətinin sədri Altay Rüstəmli qayıdış mövzusuna strateji yanaşmadan söz açıb, Avropada ictimai diplomatiyanın gücləndirilməsi, koordinasiya və gənclərin advokasiya fəaliyyətinin dayanıqlı şəkildə təşkili üzrə praktiki addımlardan, məcburi köçkünlərin təhlükəsiz və ləyaqətli qayıdış hüququndan danışıb.
Avropa-Azərbaycan Mərkəzinin sədri, Almaniya Azərbaycanlıları Alyansının idarə heyətinin üzvü Zaur Əliyev də məsələyə beynəlxalq hüquq prizmasından yanaşıb, məcburi köçkünlərin təhlükəsiz və ləyaqətli qayıdış hüququndan söz açıb. O, Avropa-Azərbaycan Mərkəzinin Qərbi Azərbaycana qayıdışla bağlı beynəlxalq hüquq çərçivəsində hüquqi yardımların göstərilməsi, bəyanatların və hüquqi izahatların ictimaiyyətə çatdırılması, hüquqi maarifləndirmə işinə fəal şəkildə dəstək göstərməkdə davam edəcəyini vurğulayıb.