Aİ-nin Azərbaycandakı səfiri: Builki sərgidə 10 Avropa ölkəsindən 30 universitet və milli təhsil agentlikləri təqdim olunur

25 Oktyabr 2025 14:30 (UTC+04:00)

“Artıq beş ildən çoxdur ki, biz Azərbaycanın təhsil müəssisələri, eləcə də ölkənin elm və təhsil ictimaiyyəti ilə sıx əməkdaşlıq edirik. Təhsil bütün imkanların təməlində dayanır”. SİA xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) Azərbaycandakı səfiri Mariyana Kuyundziç oktyabrın 25-də Bakıda keçirilən “Avropada təhsil” sərgisində çıxışı zamanı deyib.

Diplomat qeyd edib ki, bu sərgi iştirakçılara Avropa təhsil resursları və təhsil texnologiyaları sahəsində ən son yeniliklərlə tanış olmaq imkanı yaradır. “Bu gün 10 Avropa ölkəsindən – Bolqarıstan, Çexiya, Fransa, Almaniya, Latviya, Litva, Malta, Polşa, Rumıniya və İsveçdən 30 universitet və milli təhsil agentliklərini təqdim etməkdən məmnunuq. Həmçinin, tələbə mübadiləsi proqramlarında fəal iştirak edən iki Azərbaycan universiteti – ADA Universiteti və UFAZ da bu tədbirdə təmsil olunur”, – deyə səfir əlavə edib.

Onun sözlərinə görə, sərgi çərçivəsində universitetlər öz proqramlarını təqdim edəcək, qəbul tələbləri və təqaüd imkanları barədə sualları cavablandıracaqlar. “Avropa universitetlərinin nümayəndələri ilə birbaşa ünsiyyət qurmaq, “Erasmus+” proqramlarının təqdimatında iştirak etmək və müxtəlif məlumat sessiyalarına qoşulmaq mümkündür”, – deyə Mariyana Kuyundziç vurğulayıb.

Səfir həmçinin bildirib ki, Avropada təhsil almaq onun həyatında mühüm rol oynayıb: “Mənim də Avropada və onun hüdudlarından kənarda təhsil almaq imkanım olub və bu, mənim taleyimi müəyyənləşdirdi. Diplomatik karyeram məhz bu təcrübə ilə başladı. Gənclərə də eyni yolu keçməyi, çoxlu kitab oxumağı, dünyagörüşlərini genişləndirməyi və beynəlxalq təcrübə proqramlarında iştirak etməyi tövsiyə edirəm”.

Mariyana Kuyundziç çıxışının sonunda tədbirin təşkilatçılarına və iştirak edən bütün səfirlik nümayəndələrinə təşəkkürünü bildirib.