Türkiyə–Azərbaycan Elm Körpüsü: Ege Universitetində Əhəmiyyətli Görüş keçirilib - FOTOLAR

25 Oktyabr 2025 12:13 (UTC+04:00)

Ege Universiteti Tibb Bacılığı Fakültəsində, Təcili Tibbi Texniklər və Texniklər Dərnəyi (ATT-DER) və BZT Turan Akademiyasının əməkdaşlığı ilə təşkil olunan beynəlxalq konqres çərçivəsində Azərbaycan Respublikasının Millət vəkili, Dr. Naqif Həmzəyev və onu müşayiət edən nümayəndə heyəti qəbul olunub. SİA xəbər verir ki, tədbir zamanı Ege Universitetinin rektor müavini Prof. Dr. Mehmet Ersan və Tibb Bacılığı Fakültəsinin dekanı Prof. Dr. Ayşegül Dönməz qonaqları universitetdə səmimi şəkildə qarşılayaraq məhsuldar bir görüş keçiriblər. Görüş zamanı iki qardaş ölkə arasında səhiyyə, təhsil və elm sahələrində birgə layihələr, akademik əməkdaşlıqlar və gələcək planlar müzakirə olunub.

Görüşdə həmçinin BZT Turan Akademiyasının Türkiyə nümayəndəsi Dr. Baha Ahmet Yılmaz, ATT-DER başqanı Osman Kundakçı və Azərbaycanın Türkiyədəki Səfirliyinin təhsil üzrə müşavirinin İzmir üzrə köməkçisi Cavid Əliyev iştirak ediblər.

Tərəflər Türkiyə ilə Azərbaycan arasında elmi və akademik həmrəyliyi daha da gücləndirəcək yeni təşəbbüslər barədə fikir mübadiləsi aparıblar.

Ege Universitetinin ev sahibliyi ilə keçirilən bu mənalı görüş, iki qardaş ölkə arasında elm, dostluq və əməkdaşlıq körpüsünün daha da möhkəmlənməsinə mühüm töhfə verib.