Paytaxtda Amerika ağ kəpənəklərinə qarşı profilaktika işləri davam edir - FOTOLAR

25 Oktyabr 2025 11:24 (UTC+04:00)

Son günlərdə paytaxtın bəzi ərazilərində əsasən tut ağaclarını qurd basması halları müşahidə olunur. Ağaclarda toplanan qurdlar, həyətlərə, yaşayış binalarına, yol kənarlarına da çıxır. Bu da öz növbəsində sakinləri narahat edir. SİA xəbər verir ki, bu barədə Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən bildirilib ki, məsələ ilə əlaqədar mütəxəssislər tərəfindən qurdların müşahidə edildiyi ərazilərə baxış keçirilib. Müəyyən edilib ki, bu qurdlar Amerika ağ kəpənəyinin tırtıllarıdır.

Bu kəpənək 120 növ bitkiyə, tut ağacının müxtəlif növlərinə, alça, alma, gavalı, ərik, armud, şaftalı, göyəm, itburnu, yasəmən, göyrüş, qovaq, qarağat və s. növlərə zərər verir. Abşeronda aparılan tədqiqat zamanı onun 30 növ bitki ilə qidalanması müəyyən olunub.

Bitkilərə zərərli olan bu orqanizmin ləğv edilməsi üçün Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin mütəxəssisləri tərəfindən bir çox mübarizə tədbirlərindən istifadə olunur. Amerika ağ kəpənəyi Azərbaycan üçün yeni invaziv növ olması nəzərə alınaraq, aşkar edildiyi təqdirdə, onun sayından asılı olmadan bütün ocaqlarının tamamilə məhvi üçün mübarizə tədbirləri tətbiq edilir.

Bununla əlaqədar Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi tərəfindən tədbirlər planı hazırlanıb, ərazidə gündəlik monitorinqlər keçirilir və kəpənək qurdlarının aşkar edildiyi ərazilərdə xüsusi vasitələrlə dərmanlama işləri həyata keçirilir.

Qeyd edək ki, sözügedən həşəratların insan sağlamlığı üçün heç bir zərəri yoxdur.