Azərbaycan yeni çağırışlara hazırdır - Dövlət Agentliyinin sədri

24 Oktyabr 2025 13:43 (UTC+04:00)

Müasir texnologiyalar və innovasiyalar həyatımızın tərkib hissəsidir. İstər iqtisadiyyatda, istər sosial həyatda, istər şəxsi həyatda, istərsə də dövlət idarəetməsində müasir texnologiyaların tətbiqi labüddür. Çünki süni intellekt hər şeydən öncə bir vasitədir. Məqsəd isə süni intellekt kimi texnologiyalardan istifadə etməklə qarşıya qoyulan hədəflərə, vəzifələrə, vətəndaşların rifahına, inkişafa nail olmaqdır. SİA xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezident Yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev DOST Agentliyinin təşkilatçılığı ilə “SOCGOV 2025: Süni intellekt - insan və transformasiya üçün” mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı deyib.

Dövlət Agentliyinin sədri bildirib ki, son illər müxtəlif beyin araşdırma mərkəzləri, elmi institutlar, beynəlxalq araşdırma mərkəzləri bu sahədə çox ciddi tədqiqatlar aparır, hesabatlar hazırlayır: "Dünya İqtisadi Forumunun 2025-ci il üzrə süni intellekt sahəsində hesabatına baxsaq, orada çox ciddi rəqəmlər və proqnozlar olduğunu görərik. Xüsusilə də süni intellekt tipli texnologiyaların və yaşıl keçid transformasiyasının tətbiqi nəticəsində dünyada 90 milyondan çox iş yerinin ləğvi, lakin onun əvəzində 170 milyona yaxın yeni iş yerinin formalaşdırılmasından söhbət gedir. Sevindiricidir ki, yeni iş yerləri formalaşacaq, ancaq bu, ümumilikdə iş anlayışının strukturuna, arxitekturasına ciddi təsir göstərəcək. Çünki ləğv olunan iş yerlərinə münasibətdə yeni iş yerləri, yeni bacarıqlar, yeni biliklər tələb edəcək. Bu istiqamətdə artıq istər beynəlxalq təşkilatlar, şirkətlər, istərsə də dövlətlər vətəndaşları hazırlamaq üçün ciddi tədbirlər həyata keçirir. Qürurla bildirməliyik ki, Azərbaycan da bu istiqamətdə heç də gecikməyib, tam vaxtında əməli tədbirlər, islahatlar aparılır. Prezident İlham Əliyev tərəfindən “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün süni intellekt Strategiyası”nın təsdiq edilməsi haqqında Sərəncamı buna misal göstərmək olar. Çünki orada konkret hədəflər və tədbirlər var. Orada sosial rifahın artırılması, yeni iş yerlərinin yaradılması istiqamətində süni intellektin əhəmiyyətini, rolunu artıran ciddi tədbirlər nəzərdə tutulub. Bütün bunlar onu göstərir ki, Azərbaycan dövlət olaraq yeni çağırışlara hazırdır və bu fonda islahatlarını davam etdirir".

Ülvi Mehdiyev rəhbərlik etdiyi qurumun fəaliyyətindən də bəhs edərək bildirib ki, 13 ildir yaradılan "ASAN xidmət" Prezident İlham Əliyevin dövlət xidmətləri və idarəetməsi sahəsində bir innovasiyasıdır. Həmin innovasiya artıq bu gün 30-dan çox ölkəyə ixrac olunur: “ASAN xidmət" konsepsiyasının mahiyyəti və məqsədi də vətəndaşyönümlü, etik və məsuliyyətli xidmətlərin təşkilidir. Bu istiqamətdə qarşıya qoyulan vəzifələrin uğurlu icrasında innovasiyaların, müasir texnologiyaların tətbiqinin rolu var. Məhz buna görə də "ASAN xidmət" bu gün Azərbaycanın intellektual brendi kimi dövlət xidmətləri sahəsində digər ölkələrə ixrac olunur, BMT və digər beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilir. Lakin bu o demək deyil ki, biz artıq bununla kifayətlənməliyik. Əlbəttə, süni intellekt tipli yeni texnologiyalar müasir çağırışlar yaradır. Biz bu yeni çağırışlara cavab vermək üçün islahatları, təkmilləşdirmələri aparmalıyıq. Süni intellekt bunun üçün bir vasitədir, məqsəd isə onun vətəndaşmərkəzli, məsuliyyətli, vətəndaşların rifahını yüksəldən, onlara istər iqtisadi, istər sosial, istərsə də inzibati sahələrdə daha yüksək səviyyədə xidmətin göstərilməsində istifadəsi və buna nail olmaqdır".