Toylarda verilən daha riskli qidalar BƏLLİ OLDU - MÜTƏXƏSSİS AÇIQLADI

24 Oktyabr 2025 13:19 (UTC+04:00)

Toy mərasimləri Azərbaycan mədəniyyətinin ən önəmli və rəngarəng tədbirlərindən biridir. Belə mərasimlərdə qonaqlara müxtəlif və bol süfrə təamları təqdim olunur. Lakin bu cür kütləvi tədbirlərdə hazırlanan və paylaşılan qidalar bəzən sağlamlıq üçün müəyyən risklər daşıya bilər. Xüsusilə, düzgün saxlanmayan, gigiyena qaydalarına əməl edilmədən bişirilən və ya uzun müddət açıq havada qalan yeməklər qida zəhərlənməsinə səbəb ola bilər. Buna görə də toy süfrələrində verilən bəzi məhsulların digərlərinə nisbətən daha riskli olması məsələsi xüsusi diqqət tələb edir.

Maraqlıdır, toylarda verilən hansı qidalar daha çox risk daşıyır? Bu cür məclislərdə nələrə diqqət etmək lazımdır?

Məsələ ilə bağlı sağlam qidalanma üzrə mütəxəssis Məhsəti Hüseynova SİA-ya açıqlamasında bildirib ki, çox miqdarda qida hazırlanır və xüsusilə də temperatur rejiminin yüksək olduğu bir vaxta soyuducuda saxlanılmalı olan yüksək risk qrupuna aid qidalar açıq hava şəraitində saxlanılır.

Onun sözlərinə görə, bu da onların tərkibinin pozulmasına, kimyəvi və bioloji dəyişikliyə, son nəticədə zəhərlənməyə səbəb olur: "Yüksək risk qrupundan olan qidalara nümunə olaraq birinci növbədə mayonezli salatları göstərmək lazımdır. Çünki onlarda bişirilmiş tərəvəzlər, eyni zamanda zülal tərkibli ət və mayonezdən istifadə olunur ki, bu qidalar da uzun saat əvvəldən hazırlandığı üçün açıq havada qaldıqda insan orqanizmində bir çox fəsadlara gətirib çıxarır. Bu kimi qidalardan istifadə yay mövsümündə mümkün qədər azaldılmalıdır. Belə qidaların soyuq temperaturda saxlanılması və artıq süfrəyə verildiyi an qarışdırılması tövsiyə olunur. Bəzən məclislərdə bir neçə saat əvvəldən qidalar hazır vəziyyətdə masalara düzülür. Bu da onların uzun müddət qalıb xarab olmasına gətirib çıxarır. Bəzən də mayonez açıq temperaturda qaldıqda, keyfiyyəti aşağı düşür və insan orqanizmdə zəhərlənməyə səbəb olur. Mayonezlərin üzərində bəzən 3-6 ay ərzində istifadə olunması göstərilsə də, məclislərdə böyük çəkilərdə olan qablaşdırmadan istifadə olunur. Onlardan da qapağı açıldıqdan sonra uzun müddət istifadə edirlər. Müddəti keçmiş məhsulların istifadə olunması riskləri də artırır. Bir çox qarışıq yeməklərin qəbulu həzm prosesinin çətinləşməsinə və sağlamlıq problemlərinə yol açır. Bu səbəbdən yaxşı olar ki, qızartma yeməklərdən çox istifadə olunmasın. Bir neçə çeşid ətdən istifadə etdikdə, bu, insan orqanizmdə həzm probleminə, maddələr mübadiləsinin aşağı düşməsinə səbəb olur. Yağda qızardılan yeməklər, qovurmalar, qızartmalar öncədən hazırlandığı üçün köhnə yeməklər siyahısındadır. İmmun sistemi zəif olan, xroniki xəstə, azyaşlılarda, həssas qrupa aid olanlarda və eyni zamanda da yuxarı yaşlı insanlarda sağlamlıq problemləri yarada bilər.

Qidalarla birlikdə qazlı, rəngli içkilərdən istifadə vəziyyəti daha da ağırlaşdırır. Çünki həmin qidaların tərkibindəki kimyəvi qatqılar insan orqanizmində zəhərlənməyə və bir çox problemlərin yaranmasına gətirib çıxarır. Ona görə əksər hallarda insanlar toy məclislərindən sonra mədədə ağırlıq, şişkinlik, hətta bir neçə gün sonra baş ağrısı, qarın nahiyəsində ağrılardan şikayət edirlər. Bu da qidalanma rejiminin pozulması deməkdir. Köhnə qidaların qəbulu və yaxud da təzə qidalardırsa, düzgün şəkildə saxlanılmaması, tərkibinin pozulması, xarab olması belə hallar yaradır”.