"“Dəmir yumruq” birliyinin gücü qələbə gətirdi" - HƏRBİ EKSPERT DANIŞDI

24 Oktyabr 2025 12:32 (UTC+04:00)

"Vətən müharibəsində əldə etdiyimiz möhtəşəm qələbənin rəmzi olan Zəfər Günü artıq beşinci ildir ki, qeyd olunur". Bu sözləri SİA-ya açıqlamasında hərbi-ekspert Ədalət Verdiyev deyib.

Onun sözlərinə görə, bu müharibənin hər bir günü, hər bir saatı şanlı Azərbaycan əsgərinin qəhrəmanlıq dastanıdır: "Otuz ilə yaxın davam edən erməni işğalına Ali Baş Komandanımızın rəhbərliyi altında cəmi 44 gün ərzində son qoyuldu. Ağır coğrafi şəraitə, mürəkkəb iqlim şərtlərinə baxmayaraq, Azərbaycan Ordusu bir addım belə geri çəkilmədən daim irəliyə doğru getdi və düşmən ordusunu darmadağın etdi. Düşmən 10 mindən çox fərari verdi, 5 minə yaxın itki ilə üzləşdi, 12 mindən çox yaralısı oldu, həmçinin 6 milyard dollar dəyərində silah, texnika və hərbi vasitəsini itirdi.

Ermənistan ordusu Şuşa şəhərində məğlub olduqdan sonra artıq kapitulyasiya aktını imzalamağa məcbur qaldı. Otuz il ərzində ərazilərin müdafiəsi və ordunun silahlanması üçün çəkilən böyük səylər nəticəsində Azərbaycan əsgəri möhtəşəm qələbə qazandı. Bu qələbə ilə 27 ildən çox davam edən işğala son qoyuldu və ölkəmiz öz torpaqlarını geri qaytardı.

Dövlət, xalq və ordu birliyi “dəmir yumruq” kimi formalaşdı. Məhz bu birlik sayəsində xalqımız iki əsrlik həsrətinə son qoyaraq, əzəli torpaqlarını azad etdi. Bu qələbə ilə Azərbaycan bayrağı Zəngəzur dağlarında dalğalanır. Ordumuz ölkəmizin ərazi bütövlüyünü, sərhədlərini, təhlükəsizliyini və suverenliyini qətiyyətlə qoruyur. Vətən müharibəsində qazanılan bu tarixi uğurlar nəticəsində Ermənistanın işğal altında saxladığı bütün ərazilər nəzarət altına alındı. Azərbaycan dövləti artıq azad olunmuş torpaqlarda bərpa və yenidənqurma işlərini sürətlə həyata keçirir, ölkəmiz bu istiqamətdə mühüm nailiyyətlər qazanır".