"Azərbaycan və Qazaxıstan strateji müttəfiqlərdir" - ŞƏRH EDİLDİ

24 Oktyabr 2025 12:07 (UTC+04:00)

"Prezidentin Qazaxıstana səfəri ikitərəfli münasibətlərdə yeni bir mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər". Bu sözləri SİA-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.

Onun sözlərinə görə, Qazaxıstanla Azərbaycan arasında strateji müttəfiqlik münasibətləri mövcuddur və bu münasibətlər həm seçim, həm də istiqamət baxımından eyni xətt üzrə inkişaf edir: "Qazaxıstan üçün Azərbaycan Avropaya enerji ixracı baxımından mühüm əhəmiyyət kəsb edir və iki ölkə arasındakı əlaqələr bu müstəvidə də davam etdirilir.

Qazaxıstan Azərbaycan üçün həm qardaş, həm də dost ölkədir. Cənab Prezidentin verdiyi müsahibədə bu məqam xüsusilə vurğulanır. Qazaxıstan Azərbaycanın işğaldan azad edilmiş ərazisində məktəb inşa edib və bu addım mədəni münasibətlərin inkişafında mühüm rol oynayacaq.

Hazırda dünyada yeni siyasi nizam formalaşır və bu şəraitdə Qazaxıstanla Azərbaycanın müxtəlif sahələrdə — iqtisadi, texnoloji, müdafiə və humanitar istiqamətlərdə əməkdaşlığı daha da dərinləşir. Prezidentin müsahibəsində qeyd olunduğu kimi, Qazaxıstan və Azərbaycan növbəti mərhələdə xarici siyasət və ikitərəfli münasibətlər baxımından müttəfiqlik səviyyəsində əməkdaşlığı inkişaf etdirəcəklər. Artıq Azərbaycanla Qazaxıstan arasındakı münasibətlərin Türkiyə–Azərbaycan əlaqələri səviyyəsinə yüksəldilməsi nəzərdə tutulur. Prezidentin əsas mesajı da məhz bundan ibarətdir.

“Orta Dəhliz”in formalaşması bu əməkdaşlığın mühüm istiqamətlərindən biridir. Qazaxıstan bu dəhlizdən geniş şəkildə istifadə edəcək və bu proses həm Zəngəzur dəhlizi vasitəsilə, həm də Qazaxıstan üzərindən tranzit marşrutlarının inkişafı ilə reallaşacaq. Eyni zamanda, enerji resurslarının, xüsusilə hidrogen ehtiyatlarının Avropaya daşınmasında Azərbaycanın rolu əvəzsizdir. Qazaxıstan və Azərbaycan bu istiqamətdə əməkdaşlığı daha da genişləndirməyi planlaşdırırlar".