Bu il Naxçıvanın ixrac əməliyyatlarının həcmi 10,3 milyon dolları ötüb - FOTOLAR

24 Oktyabr 2025 10:34 (UTC+04:00)

Dövlət Gömrük Komitəsinin Naxçıvan Baş Gömrük İdarəsində cari ilin 9 ayı ərzində görülmüş işlər və bu il qarşıda duran vəzifələrlə bağlı tədbir keçirilib. Naxçıvan Baş Gömrük İdarəsindən SİA-nın bölgə müxbirinə bildirilib ki, Baş İdarənin rəisi, gömrük xidməti general-mayoru Vüqar Əliyev çıxış edərək Dövlət Gömrük Komitəsində cari ilin 9 ayının yekunlarına həsr olunmuş əməliyyat müşavirəsində müzakirə olunan məsələlər və qarşıda duran hədəflər barədə məlumat verib, ötən il ərzində Naxçıvan Muxtar Respublikasında gömrük işi sahəsində dövlət siyasətinin həyata keçirilməsi istiqamətində görülən işlər, əldə olunan nailiyyətlər son dövrdə gömrük orqanlarında aparılan islahatlarla birbaşa bağlı olduğunu əsaslandırıb.

Baş İdarə rəisinin müavini Rəşad Bayramov vurğulayıb ki, 2025-ci ilin yanvar-sentyabr ayları ərzində qeydə alınan idxal əməliyyatlarının həcmi 82 milyon 773 min, ixrac əməliyyatlarının həcmi isə 10 milyon 333 min dollar dəyərində olmuşdur. 2024-cü ilin eyni dövrü ilə müqayisədə idxalın həcmində 8 faiz azalma, ixracın həcmində isə 30 faiz artım müşahidə olunub. Ötən dövr ərzində komitə tərəfindən Baş İdarə üzrə müəyyən olunmuş 32 milyon 407 min manat proqnoza qarşı 35 milyon 64 min manat vəsaitin toplanaraq təyinatı üzrə köçürülməsi təmin edilmiş, 9 aylıq proqnoz-tapşırıq 108,2 faiz yerinə yetirilib. Muxtar respublika ərazisindən tranzit keçən nəqliyyat vasitələrinin sayında azalma olmasına baxmayaraq “Naxçıvan Muxtar Respublikasının 2025-ci ilin büdcəsi haqqında” Qanunu ilə təsdiq edilmiş “Xarici dövlətlərdə qeydiyyatda olan avtоnəqliyyat vasitələrinin sahibləri tərəfindən ödənilən yоl vergisi” üzrə müəyyən olunan 8 milyon 880 min manat proqnoza qarşı Baş İdarə tərəfindən 13 milyon 725 mion manat yəni 55 faiz artıq vəsait muxtar respublikanın büdcəsinə köçürülüb.

Hesabat dövrü ərzində mövcud qanunvericiliyə əsasən 42 milyon 646 min dollar dəyərində olan mallar, yəni ümumi idxalın 52 faizi idxal gömrük rüsumundan, 11 milyon 15 min dollar dəyərində olan mallar isə yəni ümumi idxalın 13 faizi əlavə dəyər vergisindən azad edilib.

Qeyd edilib ki, Baş İdarə tərəfindən konsiqnasiya yolu ilə ixrac olunan mallardan yaranmış borcun geri qaytarılması istiqamətində də tədbirlər mütəmadi olaraq davam etdirilib. Ötən dövr ərzində ixrac olunan malların müqabilində olan ümumilikdə 2 milyon 835 min 527 dollar məbləğində vəsaitin şəxslərin Azərbaycandakı müvəkkil banklarda olan hesablarına köçürülməsi təmin edilib. 2024-cü ilin eyni dövrü ilə müqayisədə 2025-ci il yanvar-sentyabr ayları ərzində muxtar respublikanın ərazisindən tranzit hərəkət edən nəqliyyat vasitələrinin sayında 24 min 686 ədəd və ya 20 faiz azalma müşahidə olunub.

Əməliyyat-axtarış fəaliyyətinin genişləndirilməsi, texniki nəzarət vasitələrindən səmərəli istifadə olunması, əməkdaşların bilik və bacarıqlarının yüksəldilməsi, əməliyyat məlumatları əsasında şübhəli şəxslər və nəqliyyat vasitələri ilə bağlı müəyyən edilmiş risk profillərinə uyğun gömrük nəzarəti tədbirlərinin həyata keçirilməsi sayəsində hüquqpozma hallarına qarşı mübarizə daha da gücləndirilib.

2025-ci ilin yanvar-sentyabr ayları ərzində Baş İdarə tərəfindən 48 cinayət xarakterli fakt üzrə ilkin təhqiqat aparılıb. İcraatda olan cinayət işləri üzrə təqsirləndirilən şəxslərin 18-i Azərbaycan Respublikasının, 30-u isə xarici ölkə vətəndaşı olub.

Narkotik vasitələrin, psixotrop və güclü təsir edən maddələrin qaçaqmalçılığı faktları üzrə ayrı-ayrılıqda ümumilikdə çəkisi 140 kiloqram 310,981 qram qurudulmuş marixuana, 59,881 qram həşiş, 4,378 qram həşiş qətranı, 101 kiloqram 900 qram maye halında (bərk halda 5 kq 355,488 qram) metamfetamin, 148 ədəd diazepam (0,48 qram), 118 ədəd alprazolam (0,14 qram), 39 ədəd preqabalin (5,075 qram), 120 min 740 ədəd siqaret və 131 min 538 manat dəyərində gömrük nəzarətinə bəyan edilməyən mallar aşkarlanaraq götürülüb.

Rəqəmsal inzibatçılıq şöbəsinin rəisi Emin Eylazov “Qiymətləndirmə meyarlarını” müqayiəsli şəkildə video təqdimatla iclas iştirakçılarının diqqətinə çatdırıb.

Naxçıvan Baş Gömrük İdarəsinin rəisi Vüqar Əliyev tədbirə yekun vuraraq qeyd edib ki, komitə rəhbərliyinin tövsiyə və tapşırıqlarını rəhbər tutaraq Naxçıvanda gömrük işi sahəsində daha yüksək nəticələrin qazanılması, qarşıya qoyulmuş vəzifələrin vaxtında və keyfiyyətlə icra olunması, ticarətin asanlaşdırılması, gömrük orqanlarının fəaliyyətində şəffaflıq səviyyəsinin yüksəldilməsi, qaçaqmalçılıq və gömrük sahəsində digər hüquqpozma hallarının qarşısının alınması, sahibkarlıq subyektlərinin, vətəndaşların və gömrük əməkdaşlarının məmnunluğunun artırılması, ölkəmizin milli və iqtisadi təhlükəsizliyinin etibarlı şəkildə qorunması üçün bütün imkanlar səfərbər ediləcək.