Bakıda DOST Agentliyinin təşkilatçılığı ilə “SOCGOV 2025: Süni intellekt insan və transformasiya üçün” adlı beynəlxalq konfrans keçirilir. SİA xəbər verir ki, konfransın keçirilməsində məqsəd yerli və beynəlxalq ekspertləri bir araya gətirməklə sosial xidmətlər sahəsində sürətli inkişaf perspektivlərinin qiymətləndirilməsi, innovativ yanaşmaların, süni intellekt alətlərinin və müasir texnologiyaların tətbiq edilməsi ilə gələcək inkişaf yollarının müəyyənləşdirilməsidir.
Tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri naziri Anar Əliyev, Azərbaycan Respublikası Prezident Yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, Türkiyə Respublikası əmək və sosial müdafiə nazirinin müavini Ahmet Aydın, Azərbaycan Respublikası Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov, Milli Məclisin üzvləri, yerli və xarici ekspertlər iştirak edir.
Konfransda vətəndaşların sosial müdafiəsində dayanıqlılıq və innovativlik mövzuları gündəmə gətiriləcək. Ekspertlər rəqəmsal dövlət və süni intellektlə transformasiya, sosial xidmətlərdə süni intellekt və sosial inklüzivlik, həmçinin əmək bazarının gələcəyi, bacarıqların inkişafı və rəqəmsal sahibkarlıq mövzularında müzakirələr aparacaqlar.
Tədbirdə dünyanın 20-dən çox ölkəsindən ümumilikdə 350-dən artıq nümayəndənin iştirakı gözlənilir.