Göbələk seçərkən nələrə diqqət edilməlidir? - MÜTƏXƏSSİS AÇIQLADI

23 Oktyabr 2025 17:14 (UTC+04:00)

Tez-tez göbələkdən zəhərlənmə hallarına dair məlumatlar eşidirik. Bəzən ölümlə nəticələnən hadisələrə də rast gəlirik. Bu qida həm marketlərdə kütləvi şəkildə satılır, həm də mövsümi dövrlərdə açıq şəkildə bazarlarda, küçələrdə, yol kənarlarında satıldığını görürük. Bir çox hallarda insanlar açıq halda satılan göbələkləri almağa üstünlük verirlər. Bəs mütəxəssislər nə deyir? Göbələyi haradan və necə alsaq həm özümüzü, həm də yaxınlarımızı zəhərlənmə təhlükəsindən qoruya bilərik? Göbələk seçərkən diqqət edilməli məqamlar hansılardır?

Məsələ ilə bağlı qida üzrə mütəxəssis Seymur Qafarov SİA-ya açıqlamasında bildirib ki, göbələk yeməkləri süfrələrimizdə xüsusi yer tutur.

Onun sözlərinə görə, bu məhsulun həm qida dəyəri, həm də təhlükə potensialı var:

"Ona görə də seçim zamanı diqqətli olmaq, yalnız etibarlı mənbələrə güvənmək həyati əhəmiyyət daşıyır. Zəhərlənmədən qorunmağın ən mühüm yolu göbələyi yalnız rəsmi satış məntəqələrindən almaqdır. Mağazalarda qablaşdırılmış, üzərində istehsalçı və saxlanma tarixi göstərilən məhsullar nəzarətdən keçdiyi üçün daha təhlükəsizdir. Yol kənarında və ya bazarda satılan, mənşəyi məlum olmayan göbələklər isə ciddi risk daşıyır. Göbələk alarkən çürümüş, qaralmış və ya xoşagəlməz qoxulu göbələklərdən uzaq durmaq lazımdır. Selikli və çox nəmli göbələklər tez xarab olur, belə məhsullar alınmamalıdır. Qablaşdırılmış məhsulda istehsal və son istifadə tarixi mütləq yoxlanmalıdır. Yeməli və zəhərli göbələklər çox oxşar ola bildiyindən, tanımadığınız növləri qətiyyən istifadə etməyin. Göbələk bəzi insanlar üçün daha risklidir. Uşaqlar və hamilə qadınlar üçün ümumiyyətlə tövsiyə edilmir, çünki çətin həzm olunur və zəhərlənmə daha ağır nəticələrə səbəb ola bilər. Yaşlı şəxslər və xroniki xəstəliyi olanlar da ehtiyatlı davranmalıdır. Ən doğru seçim – sənaye şəraitində yetişdirilən şampinyon, istiridyə göbələyi və digər qablaşdırılmış növlərdir. Əgər təzə göbələk almaq istəyirsinizsə, yalnız rəsmi nəzarətdən keçmiş satış məntəqələrinə müraciət edin. Evdə hazırlayarkən isə göbələyi yaxşıca yumaq, təmizləmək və tam bişirmək vacibdir. Göbələk seçimi sadəcə dad məsələsi deyil, həm də sağlamlıqla bağlı məsuliyyətdir. Etibarlı mənbə, düzgün seçim və diqqətli emal – bu üç qaydaya əməl etməklə həm özünüzü, həm də yaxınlarınızı zəhərlənmə təhlükəsindən qoruya bilərsiniz".