Kredit ödənişində gecikmə və ya ödənişin tam mümkün olmaması hər kəs üçün stressli və narahatlıq doğuran vəziyyətdir. Bu halda borclu şəxslər qarşısında hüquqi və maliyyə baxımından bir sıra nəticələr yaranır. Azərbaycanda krediti vaxtında qaytara bilməyən şəxsləri hansı cəzaların gözləyir?
Məsələ ilə bağlı vəkil Şəms Mirzəyeva SİA-ya açıqlamasında bildirib ki, kredit öhdəliyinin yerinə yetirilməməsi həm müqavilə, həm də qanunvericilik baxımından bir sıra hüquqi nəticələr doğurur:
"Belə ki, bildiyiniz kimi, kredit də bir hüquqi münasibətdir və müqavilə vasitəsilə rəsmiləşdirilir. Vətəndaş ilkincə müqavilə bağlayarkən bank və ya kredit təşkilatı ilə təbii ki, müqavilə əsasında bu məsələ tənzimlənir. Müqaviləni yaxşı-yaxşı oxumalıdır və bilməlidir ki, bu müqavilə onun birbaşa öhdəliyidir və düşünülmüş şəkildə imzalanmalıdır. Şərtlərlə tanış olmalı və yalnız razı qaldığı halda imzalamalıdır. Bu məcburi bir məsələ deyil. Lakin krediti götürərkən çox vaxt insanların pula ehtiyacı olduğundan müqavilələri düşünülmədən imzalayırlar.
Sonradan mübahisə yaranarsa, müqavilənin və qanunvericiliyin hüquqi nəticələri ortaya çıxır. Əgər vətəndaş öhdəliyini – yəni kredit borcunu – yerinə yetirmirsə, ona faizlər və gecikmə cərimələri hesablanır. Bu da ümumi borc yükünü artırır. Bundan əlavə, vaxtında ödəniş edilmədikdə bank müqavilənin ləğvini və borcun tam şəkildə ödənilməsini tələb edə bilər. Əvvəlcə danışıqlar yolu ilə razılaşmağa çalışılsa da, nəticə olmasa, məsələ məhkəməyə verilir. Məhkəmə qərarından sonra isə ödəniş məcburi hala gəlir və borcun ödənilməsi üçün vətəndaşın maaşına, əmlakına və ya bank hesabına yönəldilə bilər.
Bundan əlavə, vətəndaşın adı Mərkəzi Bankın kredit reyestrində qeyd olunur və kredit tarixçəsi pozulur. Gələcəkdə istər ipoteka, istər istehlak krediti, istər avtomobil və ya digər əmlakla bağlı kreditlər almaq çətinləşir və ya məhdud məbləğlərlə məhdudlaşır. Buna görə də kredit götürərkən vətəndaşlar nəticələri əvvəlcədən bilməli və məsuliyyətli qərar verməlidirlər".