“Hazırda valyuta bazarında risk yoxdur” - İQTİSADÇI DANIŞDI

23 Oktyabr 2025 16:44 (UTC+04:00)

“Hazırda valyuta bazarında risk yoxdur. Mərkəzi Bankın son faiz qərarı və sonrakı mətbuat konfransında da qeyd olunduğu kimi, hazırkı dövrdə valyuta bazarında dolların satışı daha çoxdur. İlin əvvəlindən bəri nağd valyuta bazarında 230 milyon dollardan çox valyuta satılıb”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı Xalid Kərimli deyib.

O bildirib ki, əhalinin əmanət strukturlarında da dollar depozitlərinin payı azalır: “Eyni zamanda, tədiyə balansında müsbət saldo mövcuddur. Yəni, hazırda ölkənin valyuta gəlirləri xərclərindən çoxdur. Bütün bu amillər fonunda valyuta bazarında devalvasiya və ya digər neqativ risklər gözlənilmir.

Rəqəmsal iqtisadiyyat və texnologiyanın inkişafı isə bir sıra yeni imkanlar yaradır. Bu inkişaf bəzi sahələrin perspektivini azaldır, lakin eyni zamanda yeni sahələrin yaranmasına və inkişafına səbəb olur.

Xüsusilə, rəqəmsal texnologiyalar sahəsində yeni iş yerləri açılır, yeni peşələr ortaya çıxır və bu sahələr üzrə yeni tələbat formalaşır. Eyni zamanda, rutin və təkrarlanan işlərin çox olduğu xidmət sektorunda bəzi peşələrə olan tələbat azalır və həmin sahələrdəki işlər tədricən sıradan çıxır. Ümumilikdə texnologiyanın inkişafı əmək məhsuldarlığının artmasına, insanların dövlət xidmətlərini daha səmərəli əldə etməsinə, vaxtdan daha effektiv istifadə edilməsinə və əməliyyat xərclərinin azalmasına səbəb olur. Yəni belə deyə bilərik ki, rəqəmsal ödəniş platformalarının və texnologiyaların inkişafı iqtisadiyyatda əmək məhsuldarlığının artmasına gətirib çıxaran əsas amillərdəndir”.