Tovuzdakı heyvan bazarında monitorinqlər keçirilib - FOTOLAR

23 Oktyabr 2025 16:24 (UTC+04:00)

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ölkənin müxtəlif bölgələrində heyvan bazarlarında həyata keçirilən monitorinqlər davam etdirilir. AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən SİA-ya verilən məlumata görə, monitorinqlərin əsas məqsədi heyvanlarda yoluxucu xəstəliklərin yayılması risklərinin qiymətləndirilməsi, həmçinin bazar ərazilərində sanitar-gigiyenik və baytarlıq tələblərinə əməl olunmasına nəzarətin gücləndirilməsidir.

Agentliyin regional bölmələrinin, həmçinin Aqrar Xidmətlər Agentliyinin əməkdaşları tərəfindən Tovuzun Aşağı Quşçu kəndində yerləşən heyvan bazarında növbəti monitorinq aparılıb.

Monitorinqlər zamanı heyvanların sağlamlıq vəziyyəti, baytarlıq sənədlərinin mövcudluğu, eləcə də dezinfeksiya və digər profilaktik tədbirlərin icra vəziyyəti yoxlanılıb, xəstə və ya xəstəlik əlamətləri müşahidə olunan heyvanların bazara gətirilməsinin qarşısı alınıb. Həmin heyvanlarla bağlı müvafiq tədbirlər görülüb. Aşkar edilən nöqsanlarla bağlı bazar sahiblərinə və satıcılara müvafiq tapşırıqlar verilib. Heyvan bazarlarındakı tələblərin yerinə yetirilməsinin vacibliyi bazar sahibinin diqqətinə çatdırılıb.

Qeyd edək ki, respublikanın baş dövlət baytarlıq müfəttişinin imzaladığı müvafiq qərara əsasən, ölkə ərazisində fəaliyyət göstərən heyvan bazarlarında oktyabrın 25-dən etibarən sağlamlaşdırma tədbirlərinin görülməsi üçün mərhələli şəkildə müvəqqəti məhdudiyyətlər tətbiq olunacaq. Qərar Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının rəsmi məlumatlarında qeyd olunan yoluxucu xəstəliklərin region ölkələrində yayılması riskini nəzərə alaraq, epizootik sabitliyin qorunması və infeksiyaların ölkə ərazisinə daxil olmasının qarşısının alınması məqsədilə imzalanıb.