"Qardaş ölkələr strateji əməkdaşlığı dərinləşdirir" - ŞƏRH EDİLDİ

23 Oktyabr 2025 16:16 (UTC+04:00)

"Azərbaycan və Qazaxıstan münasibətləri təkcə son görüş və ya səfərlə məhdudlaşmır. Bu əlaqələr, ümumiyyətlə, 1991-ci ildən – hər iki dövlət müstəqilliyini bərpa etdikdən sonra – davamlı şəkildə yüksələn xətlə inkişaf edib". Bu sözləri SİA-ya açıqlamasında beynəlxalq məsələlər üzrə tədqiqatçı Həşim Səhrablı deyib.

Onun sözlərinə görə, münasibətlərin bu səviyyəyə çatmasında həm Azərbaycan, həm də Qazaxıstan tərəfinin bir-birinin maraqlarına hörmətlə yanaşması və qarşı tərəfə zərər verə biləcək addımlardan çəkinməsi mühüm rol oynayıb: "Son səfər zamanı əldə edilən razılaşmalar da iki ölkə münasibətlərinin ən yüksək səviyyədə olduğunu bir daha nümayiş etdirdi.

Hazırda dünya miqyasında geosiyasi qarşıdurmaların genişləndiyi, Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” proqramına alternativ olaraq Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələri ilə bağlı yeni yanaşmaların formalaşdığı bir dövrdə Azərbaycan Prezidenti İlham Əliyevin Qazaxıstana səfəri xüsusi əhəmiyyət daşıyır.

Bu səfər təkcə iki ölkə arasında əməkdaşlığın möhkəmlənməsi deyil, həm də Cənubi Qafqaz və Mərkəzi Asiya regionlarında baş verən proseslərə birgə baxışın formalaşması kimi qiymətləndirilməlidir. Azərbaycan və Qazaxıstan müasir dünya düzəni fonunda xarici siyasətlərini necə koordinasiya edəcəkləri, həm regional səviyyədə, həm də Türk Dünyası çərçivəsində inteqrasiyanın daha da dərinləşməsi istiqamətində atılacaq addımları müzakirə ediblər.

Beləliklə, bu səfərdən sonra Azərbaycan–Qazaxıstan münasibətlərinin daha dinamik inkişaf mərhələsinə keçidi gözlənilir. Artıq bu əlaqələr təkcə ikitərəfli formatla məhdudlaşmayacaq, regional təhlükəsizlik, iqtisadi əməkdaşlıq və strateji tərəfdaşlıq məsələlərini də əhatə edəcək. Bu isə həm iki qardaş dövlətin münasibətlərini daha da gücləndirəcək, həm də bütün Türk Dünyası üçün yeni əməkdaşlıq imkanları yaradacaq".