"Demək olar ki, bizim gündəlik qidalanma rasionumuzda buraxdığımız ən birinci və ən ciddi səhv — səhər yeməyini qəbul etməməyimizdir". Bu sözləri SİA-ya açıqlamasında qida eksperti İlkin Şirinov bildirib.
Onun sözlərinə görə, ilk növbədə, səhər oyandıqdan sonra orqanizmin enerji ehtiyacını təmin etmək üçün səhər yeməyi mütləq qəbul edilməlidir: "Lakin çox vaxt insanlar bu mərhələni ötürürlər. Səhər yeməyini qəbul etməmək nəticəsində biz gün ərzində itirdiyimiz enerjini axşam yeməkləri ilə bərpa etməyə çalışırıq. Bu isə bədənin artıq yüklənməsinə, xüsusilə də mədə və bağırsaq sisteminə əlavə gərginlik düşməsinə səbəb olur.
Əlbəttə, səhər yeməyi zamanı ağır və yağlı yeməklərdən istifadə etmək düzgün deyil. Lakin orqanizm səhər yeməyinə öyrəşməlidir. Çünki gün ərzində biz həm zehni, həm də fiziki fəaliyyətlə məşğul oluruq, bu isə enerji itkisinə gətirib çıxarır. Digər mühüm məsələ gündəlik qidalanmamızda tez-tez istifadə etdiyimiz enerji içkiləri və süni enerji mənbələridir. Onlar qısamüddətli enerji versələr də, əslində orqanizmi əlavə yükləyir və bədənin təbii enerji balansını pozurlar. Duzlu yeməklər, “fast food”lar, artıq yağlar və bu kimi zərərli məhsullar da qidalanmamızda ən çox buraxdığımız səhvlərdəndir.
Bu gün özümüzə sual verməliyik: Biz əslində nə yeyirik?
Diqqət etsək görərik ki, artıq insanlar meyvə-tərəvəz kimi təbii qidalardan uzaqlaşıb, daha çox hazır yeməklərə üstünlük verirlər. Hazır dönərlər, pitilər, lahmacunlar, “fast food” restoranlarının yeməkləri sanki həyatımızın ayrılmaz hissəsinə çevrilib. Artıq bir çoxumuz sadəcə bir salat hazırlamağa belə ərinirik. Ən təhlükəlisi isə odur ki, bu cür yeməklərin hansı yağlarla bişirildiyindən, həmin yağların dəfələrlə istifadə olunub-olunmadığından xəbərimiz olmur. Halbuki bu cür “ölü yağlar”, yəni artıq tərkibi pozulmuş bitki yağları (palma yağı, soya yağı və s.) ürək-damar xəstəliklərinin, piylənmənin və şəkərli diabetin əsas səbəblərindəndir. Digər böyük problem isə duz və şəkərin həddən artıq istifadəsidir. Bu gün bir çox insanların qida rasionu sanki üç əsas zərərli element üzərində qurulub: duz, şəkər və zərərli yağlar.
Əgər biz qidalanmamızda təbii və orqanik məhsullara üstünlük versək, hazır və emal olunmuş qidalardan uzaq dursaq, bu, təkcə sağlam bədən üçün deyil, həm də uzun ömür və güclü immunitet üçün ən doğru addım olar. Unutmayaq ki, insan orqanizmi təbii qidalarla qidalanmaq üçün yaradılıb — süni əlavələrlə yox".