Tərtər rayonunda fermerlərlə aqrar sığorta mövzusunda maarifləndirici görüş təşkil olunub. Aqrar Sığorta Fondundan SİA-ya bildirilib ki, bu tədbirlər çərçivəsində Tərtər Gənclər Mərkəzində keçirilən görüş Tərtər Rayon İcra Hakimiyyətinin, Aqrar Sığorta Fondu və Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) birgə təşkilatçılığı ilə baş tutub.
Məlumata əsasən, 120-dən çox tərtərli fermerin işitrak etdiyi tədbirdə Tərtər Rayon İcra Hakimiyyəti başçısının müavini Abbas Cavadov, Aqrar Sığorta Fondunun Goranboy regional filialının rəhbəri Tofiq Əsgərov və DAİM-in direktor müavini Vüsal Paşayev iştirak ediblər.
Tədbirin əsas məqsədi fermerləri aqrar sığorta mexanizmi, onun faydaları, tətbiqi qaydaları barədə məlumatlandırmaq olub. Çıxış edənlər aqrar sığortanın kənd təsərrüfatında risklərin qarşısının alınmasında mühüm rol oynadığını vurğulayıblar.
Görüşdə fermerlərə sığortalanma prosesi, müraciət qaydaları, məhsul və heyvan sığortası ilə bağlı geniş məlumat verilib. Bildirilib ki, aqrar sığorta təsərrüfatları təbiət hadisələri, dolu, fırtına, qasırğa, sel-subasma, donvurma, vəhşi heyvanların hücumu, digər şəxslərin hərəkətləri və s. hallardan sığorta edir.
Aqrar Sığorta Fondunun nümayəndəsi Tofiq Əsgərov xatırladıb ki, ölkədə ilk aqrar sığorta müqaviləsi Tərtər rayonunda 2020-ci ilin noyabrında, hərbi əməliyyatların davam etdiyi günlərdə imzalanıb. İndiyədək Tərtərdə baş verən təbiət hadisələri və təsərrüfatlara dəymiş zərərlər üzrə 200 min manatdan artıq sığorta ödənişi hesablanaraq ödənilib.
Qeyd olunub ki, aqrar sığortada sığotrta haqqının 50 faizi dövlət tərəfindən ödənilir, nəticədə, fermerlər cüzi ödəniş etməklə təsərrüfatlarını sığorta edə bilərlər. Məsələn, Tərtər rayonunda 1000 manatlıq buğlda məhsulunun sığortalanması cəmi 7,4 manata, arpa 9,4 manata, alça 17 manata, nar 8 manata, armud 16 manata, 1000 manatlıq şaftalının sığortası isə 13 manata başa gəlir. Tərtərdə təqribən 4 ton məhsuldarlıq göstərilən pambıq sahəsinin sığortası isə fermerə cəmi 20-25 manata başa gəlir.
Tədbirdə heyvanların sığortası haqqında da məlumat verilib. Bildirilib ki, aqrar sığorta vasitəsilə iribuynuzlu ətlik və südlük mal-qaranı, eləcə də xırdabuynuzlu heyvanları sığortalamaq olar. 1000 manatlıq mal-qaranın sığortası illik cəmi 24 manatdan, 300 manatlıq qoyun və keçilərin sığortası isə cəmi 7 manatdan başlayır.
Sonda iştirakçıların sualları cavablandırılıb, təklif və problemləri dinlənilib.
Görüş interaktiv şəkildə keçib və fermerlərin bu sahəyə olan marağının yüksək olduğu müşahidə olunub. Bu cür görüşlərin bölgələrdə mütəmadi keçirilməsi nəzərdə tutulur.