Azərbaycan Ermənistana yük tranziti ilə bağlı işğaldan bəri mövcud olan bütün məhdudiyyətləri aradan qaldırıb və ilk belə tranzit yük Qazaxıstan taxılının Ermənistana daşınması olub. Zənnimcə, bu, həm də Azərbaycan ilə Ermənistan arasında sülhün artıq kağız üzərində deyil, həm də praktikada olduğunun yaxşı göstəricisidir. SİA xəbər verir ki, bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin bugünkü iclasında bildirib.
Onun sözlərinə görə, bu cür addımlar nəticəsində Ermənistan artıq təcrid vəziyyətindən çıxmağa başlayıb.
O, Azərbaycanın Ermənistana qoyduğu məhdudiyyətləri aradan qaldırmasının artıq iki gündür ölkədə müzakirə olunduğuna diqqət çəkib. O, Tbilisidə “İpək yolu” beynəlxalq konfransında Azərbaycan Prezidenti İlham Əliyevin bu qərarına görə minnətdarlığını ifadə etdiyini və onu yüksək qiymətləndirdiyini xatırladıb.
Baş nazir bu addımın çox önəmli olduğunu qeyd edib.
Paşinyan Vaşinqtonda verilən bəyanatların və əldə olunan razılaşmaların, sadəcə, söz olmadığını, konkret nəticələr verdiyini vurğulayıb.