Xəstə beyin əməliyyatı zamanı klarnet çaldı - FOTO

23 Oktyabr 2025 12:29 (UTC+04:00)

Böyük Britaniyada Parkinson xəstəliyindən əziyyət çəkən qadın beyin stimullaşdırılması əməliyyatı zamanı klarnet ifa edib. SİA xəbər verir ki, “Daily Mail”in məlumatına görə, 69 yaşlı Deniz Bekon xəstəliyi səbəbindən orkestrdə çıxış edərkən yeriməkdə, rəqs etməkdə və oynamada çətinlik çəkirdi. Hərəkətlərinə nəzarəti bərpa etmək üçün o, Londondakı “King's College” xəstəxanasında dərin beyin stimullaşdırılması (DBS) əməliyyatı keçirib.

Cərrahların sözlərinə görə, Bekonun kəllə sümüyündə beş qəpiklik sikkə ölçüsündə iki kiçik dəlik açılıb və əməliyyat lokal anesteziya altında aparıldığı üçün qadın huşunu itirməyib. Prosedur zamanı o, klarnet çalaraq həkimlərə elektrodların təsirini izləməyə kömək edib.

Əməliyyatdan sonra Bekon bildirib: “Stimulyasiyadan sonra sağ əlim daha asan hərəkət etməyə başladı və mən yenidən klarnet çala bildim. İndi daha rahat yeriyirəm və bir gün yenidən rəqs etməyi xəyal edirəm”.