"Məhsulun yetişmə zamanı ölçülməlidir" - ŞƏRH EDİLDİ

23 Oktyabr 2025 11:31 (UTC+04:00)

“Aqrar sahə iqlim dəyişikliklərinin ən çox zərər gördüyü istehsal sahəsidir. Çünki havaların yağmurlu, isti və ya soyuq keçməsi, daşqınların olması və ziyanvericilər aqrar sahəyə istənilən vaxt zərər vura bilər. Bu da sahibkarın maddi vəziyyətini xeyli dərəcədə çətinləşdirir”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Tahir Rzayev deyib.

Deputat bildirib ki, sahibkarlar özləri də baş verən mənfi halların qarşısının alınması üçün təşəbbüskarlıq göstərməlidirlər: “İlk növbədə sahibkarlar hava proqnozlarına diqqət etməlidir. Həmçinin becərilən məhsul vaxtında yığılıb, təhvil verilməlidir. Bir çox hallarda sahibkarların laqeydliyi, vaxtın gecikdirilməsi, məhsulun zamanında yığılmaması sözsüz ki, məhsuldarlığa xeyli dərəcədə ziyan vurur. Buna görə də vaxt bölünməlidir və məhsul zamanında yığılmalıdır. Bu proses sahibkarı hər bir işə zamanında düzgün münasibət bildirməyi tələb edir.

Hazırda pambıq yığımı zamanıdır. Əgər hava şəraitini düzgün qiymətləndirib, məhsul vaxtında yığılmasa yağış yağan zaman məhsulu tarladan çıxarmaq qeyri-mümkün olacaq. Sözsüz ki, bu da birbaşa məhsulun keyfiyyətinə ciddi ziyan vuracaq. Bu səbəbdən də istənilən sahədə vaxtın dəqiqliyi, məhsulun yetişmə zamanı ölçülməlidir və günün tələbləri yerinə yetirilməlidir”.