Rusiyada daha bir partlayış: 4 nəfər öldü, yaralılar var

23 Oktyabr 2025 01:27 (UTC+04:00)

Rusiyanın Çelyabinsk vilayətinin Kopeysk şəhərində müəssisələrdən birində partlayış baş verib. SİA xəbər verir ki, bu barədə vilayətin qubernatoru Aleksey Teksler "Telegram" kanalında məlumat verib.

Onun sözlərinə görə, ölənlər var. Hadisə yerinə bütün təcili yardım xidmətləri gəlib, qərargah yaradılıb:

"Zavoddan verilən ilkin məlumata görə, partlayış nəticəsində 4 nəfər ölüb, daha bir neçə nəfər yaralanıb".

Polisin verdiyi məlumata görə, partlayış zamanı hadisə yerində 15 nəfər növbətçi olub. İlkin məlumata görə, insident təhlükəsizlik qaydalarının pozulması səbəbindən baş verib. Partlayışa pilotsuz uçuş aparatı ilə hücumun səbəb olduğu barədə iddialar da yayılıb, lakin bu məlumatlar hələlik təsdiqini tapmayıb.

Hazırda Fövqəladə Hallar Nazirliyinin əməkdaşları hadisə yerində işləyir, dağıntılar təmizlənir.

Qeyd edək ki, bundan öncə Stavropoldə hərbi obyektin yaxınlığında partlayış baş vermişdi.