İki mindən çox alim Aİ-yə çağırış edib

23 Oktyabr 2025 04:07 (UTC+04:00)

Avropa İttifaqı (Aİ) 2040-cı il üçün iqlim hədəfini müəyyənləşdirməli olsa da, bir sıra üzv ölkələrdə buna qarşı müqavimət qalmaqdadır. SİA “Spiegel” nəşrinə istinadla xəbər verir ki, 2 mindən çox avropalı alim, o cümlədən yüzlərlə almaniyalı tədqiqatçı Aİ dövlət və hökumət başçılarına məktub ünvanlayaraq elmi nəticələrə və Paris iqlim sazişinə sadiq qalmağa çağırıblar.

Hazırda Aİ-nin iqlim hədəfləri 2030-cu və 2050-ci illəri əhatə edir. Aİ iqlim qanunvericiliyinə görə, 2040-cı il üçün də konkret hədəf müəyyən edilməlidir. Avropa Komissiyası iyulda təklif edib ki, növbəti 15 il ərzində emissiyalar 1990-cı ilə müqayisədə 90 faiz azaldılsın. Bunun bir hissəsi beynəlxalq iqlim sertifikatları ilə kompensasiya oluna bilər.

Alimlər vurğulayıblar ki, 90 faiz hədəfi təkcə siyasi qərar deyil, həm də Avropanın gələcəyini təmin etmək və insanların həyatını qorumaq üçün həyati zərurətdir. Belə hədəf düzgün həyata keçirildikdə elektrik xərclərinin azalması, yeni iş yerləri və milyardlarla dollarlıq fosil yanacağı idxalının azalması kimi iqtisadi imkanlar da yaradır. Qeyd olunub ki, daha zəif hədəfin seçilməsi üzv dövlətlər üçün ciddi hüquqi risklər yaradacaq və beynəlxalq hüquqla uyğunsuz qanun və qərarlar məhkəmələr tərəfindən ləğv edilə bilər.

Aİ ölkələrinin ətraf mühit nazirləri noyabrda Braziliyada keçiriləcək Dünya İqlim Konfransı üçün danışıqlar strategiyasını müzakirə edəcəklər. ABŞ-ın Paris İqlim Sazişindən yenidən çıxması, Çinin isə alimlərin tövsiyə etdiyi səviyyədən xeyli aşağı hədəflər təqdim etməsi fonunda COP30-un son dərəcə çətin geosiyasi şəraitdə baş tutacağı gözlənilir.