Azərbaycanda təhsil alan əcnəbi tələbələr arasında maarifləndirmə işi aparıldı

22 Oktyabr 2025 15:35 (UTC+04:00)

QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı və "Miqrasiya Sahəsinin İnkişafı" İctimai Birliyinin təşkilatçılığı ilə Azərbaycan Texniki Universitetində "Azərbaycanda təhsil alan əcnəbi tələbələr arasında miqrasiya qaydaları, tibbi əlçatanlıq və ölkə tanıtımı mövzularında maarifləndirmə" layihəsi çərçivəsində yekun tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan ATU-nun kommunikasiya şöbəsinin müdiri Səfa Bağırov dövlətimizin təhsilə qayğısından və universitetdə tələbələr üçün yaradılan şəraitdən danışıb. S.Bağırov Dövlət Miqrasiya Xidməti əməkdaşlarının ali məktəblərdə əcnəbi tələbələrlə görüşlərinin əhəmiyyətli olduğunu vurğulayıb.

Layihə rəhbəri, DMX yanında ictimai şuranın üzvü Vidadi Fətullayev layihənin məqsədi, Elm və Təhsil Nazirliyi, Dövlət Miqrasiya Xidməti və digər dövlət qurumlarının gördükləri işlər və ictimai təşkilatların bu sahədə dövlət qurumları ilə əməkdaşlığının faydaları barədə danışıb.

DMX-nin Miqrasiya siyasəti və hüquqi təminat baş idarəsinin Hüquqi təminat idarəsinin rəis müavini Xəyalə Abbasova mövcud miqrasiya qaydaları haqqında geniş məlumat verdi. Miqrasiya nəzarəti baş idarəsinin baş inspektoru Tural Kərimov, Miqrasiya proseslərinin tənzimləmə baş idarəsinin baş inspektoru Ruslan Ağayev və Miqrasiya proseslərinin təhlili və informasiya təminatı baş idarəsinin inspektoru Ayxan Rzayev tədbirdə iştirak edən əcnəbi tələbələri maraqlandıran sualları cavablandırıb və miqrasiya qanunvericiliyinin əcnəbi tələbələrlə bağlı maddələrinə dair geniş izahatlar veriblər.

Universitetin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Orxan Vətənxah və Beynəlxalq əlaqələr şöbəsinin mütəxəssisi Cavanşir Həsənov, əcnəbi tələbələrin qeydiyyat, təhsil prosesləri və cəmiyyətə inteqrasiyası sahəsində atılan addımlardan bəhs ediblər.

Çıxış edənlər tədbirin keçirilməsinə dəstək olan QHT-lərə Dövlət Dəstəyi Agentliyi, Dövlət Miqrasiya Xidməti və Azərbaycan Texniki Universitetinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.