“Azərbaycan ilə Qazaxıstan münasibətləri mədəni yaxınlığın nümunəvi modelinə çevrilir” - ŞƏRH EDİLDİ

22 Oktyabr 2025 17:04 (UTC+04:00)

“Cənab Prezident İlham Əliyevin Qazaxıstanın “Kazinform” informasiya agentliyinə verdiyi geniş müsahibə iki ölkə arasında münasibətlərin mövcud vəziyyətini və gələcək perspektivlərini aydın şəkildə ifadə edir”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Aytən Qurbanova deyib.

Onun sözlərinə görə, müsahibədə qeyd edilən bütün məqamlar ikitərəfli münasibətlərin çoxşaxəli xarakterini, qarşılıqlı etimada əsaslanan əməkdaşlığı və regional sabitliyə xidmət edən ortaq strateji baxışı əks etdirir:

”Prezident İlham Əliyev müsahibə zamanı Azərbaycan ilə Qazaxıstan arasında mövcud olan yüksək səviyyəli siyasi əlaqələri həqiqi strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri kimi səciyyələndirir. Şübhəsiz ki, bu münasibətlərin təməlində ortaq tarixi köklər, mədəni və mənəvi dəyərlər, Türk kimliyi və xalqlar arasındakı çoxəsrlik dostluq əlaqələri dayanır. Son üç il ərzində cənab Prezidentin Qazaxıstana yeddi, Prezident Kasım-Jomart Tokayevin isə Azərbaycana altı dəfə səfər etməsi dövlət başçıları səviyyəsində qarşılıqlı əlaqələrin yüksək səviyyədə olduğunu nümayiş etdirən önəmli məqamdır. Belə ki, müntəzəm siyasi dialoq gündəlikdə dayanan mühüm məsələlərin operativ və effektiv həllinə xidmət etməklə yanaşı, ikitərəfli münasibətlərin institusional əsaslarını daha da möhkəmləndirir. Xüsusilə qeyd etmək lazımdır ki, bu il Azərbaycan ilə Qazaxıstan arasında imzalanmış Strateji Tərəfdaşlıq və Müttəfiqlik Münasibətləri haqqında Müqavilənin 20-ci ildönümü qeyd edilir. Bu müqavilə ikitərəfli əlaqələrin hüquqi və siyasi əsaslarını formalaşdıran, eləcə də əməkdaşlığın bütün sahələrdə davamlı və dərinləşdirilmiş inkişafını təmin edən fundamental sənəddir. Prezident İlham Əliyev müsahibə zamanı Azərbaycan ilə Qazaxıstan arasında iqtisadi əlaqələrin və ümumi ticarət dövriyyəsinin son illərdə dinamik və davamlı inkişaf etdiyini xüsusilə vurğulayıb. Bu istiqamətdə aparılan islahatlar və həyata keçirilən ortaq layihələr iki ölkə arasında qarşılıqlı investisiya və ticarət dövriyyəsinin artmasını stimullaşdıran mühüm addımlardır. Heç şübhəsiz ki, diqqətçəkən əsas məqamlardan biri də Orta Dəhliz layihəsinin inkişafıdır. Azərbaycan və Qazaxıstan bu geostrateji layihənin əsas iştirakçıları kimi çıxış edir və Xəzər dənizi vasitəsilə Şərqdən Qərbə uzanan alternativ nəqliyyat marşrutunun qurulmasına əhəmiyyətli töhfə verirlər. Həmçinin Aktau və Ələt limanları vasitəsilə yükdaşımaların artırılması, SOCAR və KazMunayQaz arasında Aktau–Ceyhan marşrutu üzrə neft tranziti, Xəzər dənizinin dibi ilə sualtı fiber-optik kabel layihəsi kimi təşəbbüslər enerji təhlükəsizliyi və rəqəmsal inteqrasiya baxımından da mühüm əhəmiyyət kəsb edir. Prezident İlham Əliyevin müsahibəsində bərpaolunan enerji və ekoloji əməkdaşlıq məsələləri də geniş yer tutur. Xəzər dənizinin dayazlaşması ilə bağlı yaranmış ekoloji təhlükələrə dair Prezidentin ciddi xəbərdarlığı bütün Xəzəryanı dövlətlər üçün çağırışdır. Məlum olduğu kimi, Xəzərin biomüxtəlifliyinə və ekosisteminə təhdid yaradan bu prosesin yalnız elmi əsaslı və koordinasiyalı yanaşma ilə idarə olunması mümkündür.

Şübhəsiz ki, Azərbaycan ilə Qazaxıstan arasında mədəni və humanitar əməkdaşlıq da strateji önəm daşıyır. Son illərdə keçirilən mədəniyyət günləri, ədəbiyyat və tarix sahəsində birgə layihələr, eləcə də görkəmli şəxsiyyətlərin yubileylərinin qeyd edilməsi xalqlar arasında yaxınlığı daha da gücləndirir. Məhz bu nöqteyi-nəzərdən yanaşdıqda, Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın genişlənməsi xüsusi diqqətəlayiqdir. TDT siyasi dialoq, iqtisadi inteqrasiya və humanitar əlaqələrin inkişafı üçün mühüm platformadır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, təşkilat çərçivəsində keçirilən zirvə görüşləri, qəbul olunan sənədlər və strateji baxış Türk dünyasının qlobal güc mərkəzinə çevrilməsinə xidmət edir. 1926-cı ildə Bakıda keçirilmiş Birinci Türkoloji Qurultayın 100 illiyinin TDT çərçivəsində təntənəli şəkildə qeyd olunması isə tarixi yaddaşın qorunması və ortaq kimliyin möhkəmləndirilməsi nöqteyi-nəzərindən önəmli addım olacaq.
Nəticə etibarilə, Prezident İlham Əliyevin müsahibəsi bir daha göstərir ki, Azərbaycan ilə Qazaxıstan münasibətləri regional çərçivədən çıxaraq beynəlxalq miqyasda sabitliyin, iqtisadi inkişafın və mədəni yaxınlığın nümunəvi modelinə çevrilir. Bu münasibətlərin təməlində isə yalnız siyasi və iqtisadi maraqlar deyil, həmçinin ortaq dəyərlər, qardaşlıq münasibətləri və ortaq gələcəyə olan strateji baxış dayanır”.