"Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Vatikan səfəri, şübhəsiz ki, indiki məqamda diqqətəlayiq bir hadisədir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Turan Rzayev deyib.
Turan Rzayev sözlərinə belə davam edib: "Ümumiyyətlə, Azərbaycanın Müqəddəs Taxt-tac (Vatikan) ilə münasibətləri hər zaman yüksək səviyyədə olub. Bu əlaqələr, əslində, ölkəmizin qərb diplomatiyasının ayrılmaz bir hissəsini təşkil edir.
Qeyd etmək lazımdır ki, Azərbaycanın Müqəddəs Taxt-tacla əlaqələri yalnız xarici siyasət sahəsində deyil, həm də mədəniyyət istiqamətində böyük dividendlər gətirib. Orta əsrlərdə Vatikanın siyasi nüfuzunun az olduğu düşünülməsinə baxmayaraq, bu, tam doğru deyil. Vatikan bu gün də Avropada mühüm təsir gücünə malikdir və xüsusilə katolik xristian icması öz mövqeyini qoruyub saxlayır. Bu baxımdan Azərbaycan–Vatikan münasibətlərinin inkişafı həm siyasi, həm mədəni, həm də humanitar müstəvidə ölkəmiz üçün böyük əhəmiyyət daşıyır. Azərbaycanda müxtəlif dinlərin nümayəndələri sülh və qarşılıqlı hörmət şəraitində yaşayır. Katolik icmasının üzvləri sayca çox olmasalar da, onların fəaliyyəti sülh, anlayış və tolerantlıq prinsipləri üzərində qurulub.
Hazırda Bakıda fəaliyyət göstərən Müqəddəs Məryəm Katolik Kilsəsi bu münasibətlərin bariz göstəricisidir. Bu əlaqələrin inkişafında, xüsusilə də Mehriban xanım Əliyevanın fəaliyyəti mühüm rol oynamışdır. Onun təşəbbüsü və Heydər Əliyev Fondu vasitəsilə Vatikanda bir sıra tarixi kilsə, katedral və abidələrin bərpası, eləcə də bir çox mədəni layihələrin həyata keçirilməsi Azərbaycanın mədəni diplomatiyasına böyük töhfə vermişdir. Bu fakt bir daha sübut edir ki, Azərbaycan yalnız müsəlman dünyasının bir parçası deyil, eyni zamanda xristian dünyası ilə də mədəni və mənəvi əlaqələr qurmaqda açıq və tolerant ölkədir. Azərbaycan dünyada nadir ölkələrdəndir ki, burada dini, etnik və məzhəbi qarşıdurmalar mövcud deyil. Fərqli dinlər və məzhəblər ölkəmizdə harmoniya və qarşılıqlı hörmət mühitində yaşayır.
Azərbaycan–Vatikan münasibətləri həm də beynəlxalq aləmdə ölkəmizin tolerantlıq nümunəsi kimi təqdim olunmasına xidmət edir. Xatırlatmaq yerinə düşər ki, Qarabağ münaqişəsi dövründə belə, xristian dünyası bütövlükdə Ermənistanın mövqeyini müdafiə etmədi. Bu, Azərbaycanın humanist və ədalətli siyasətinin din amilindən deyil, sülh, əməkdaşlıq və qarşılıqlı hörmət prinsiplərindən qaynaqlandığını göstərir. Eyni zamanda, Vatikanla münasibətlərdə Mehriban xanım Əliyevanın, İtaliya ilə əlaqələrdə isə Prezident İlham Əliyevin fəaliyyəti bir-birini tamamlayır və ölkəmizin xarici siyasətində ahəngdar bir istiqamət yaradır.
Nəticə etibarilə, Azərbaycanın Müqəddəs Taxt-tacla münasibətləri ölkəmizin multikultural, tolerant və humanist dəyərlərə əsaslanan xarici siyasətinin mühüm tərkib hissəsidir. Bu münasibətlər həm Azərbaycanın beynəlxalq nüfuzunu gücləndirir, həm də ölkəmizi dinlərarası dialoqun öncül mərkəzlərindən birinə çevirir".