Deputatlar 151-ci Assambleya çərçivəsində keçirilən müzakirələrdə çıxış ediblər - FOTOLAR

22 Oktyabr 2025 17:20 (UTC+04:00)

Xəbər verdiyimiz kimi, Milli Məclisin sədri Sahibə Qafarovanın başçılıq etdiyi nümayəndə heyəti Parlamentlərarası İttifaqının (PAİ) 151-ci Assambleyasında iştirak etmək məqsədilə İsveçrə Konfederasiyasının Cenevrə şəhərində işgüzar səfərdə olub. Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya bildirilib ki, Azərbaycan parlament nümayəndə heyətinin üzvləri Assambleya çərçivəsində keçirilən müzakirələrdə iştirak və çıxış ediblər.

Belə ki, nümayəndə heyətinin üzvləri – deputat Sevil Mikayılova təşkilatın İcraiyyə Komitəsinin, Qadın Parlamentarilər Bürosunun iclaslarında, deputat Əminə Ağazadə isə təşkilatın Demokratiya və İnsan Haqları Daimi Komitəsinin iclaslarında və ümumi müzakirələrdə çıxış ediblər.

Milli Məclisin deputatı Kamran Bayramov PAİ-nin Sülh və Beynəlxalq Təhlükəsizlik və Birləşmiş Millətlər Təşkilatının işləri Daimi Komitələrinin iclaslarında və ümumi müzakirələrdə çıxış edib.

Azərbaycan parlament nümayəndə heyətinin üzvləri çıxışlarında müzakirə olunan mövzular, həmçinin təşkilatın gələcək fəaliyyətinə dair müxtəlif fikir və təkliflərini səsləndiriblər.

Nümayəndə heyətinin hər üç üzvü, həmçinin Avrasiya Qrupunun Görüşünə də qatılıblar.

Assambleya çərçivəsində keçirilən Asiya Parlament Assambleyasının Koordinasiya görüşündə isə Milli Məclisin deputatı Rizvan Nəbiyev iştirak edib.

Qeyd edək ki, 151-ci Assambleya çərçivəsində təşkilata üzv ölkələrin parlamentlərinin Baş Katibləri Assosiasiyasının da növbəti sessiyası keçirilib. Tədbirdə Milli Məclis Aparatının rəhbəri Fərid Hacıyev çıxış edərək, Milli Məclisdə rəqəmsal transformasiya sahəsində görülən işlər, tətbiq olunan müasir informasiya texnologiyaları və bu istiqamətdə əldə edilən nəticələr barədə məlumat verib.

Assambleya çərçivəsində İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqı ilə Milli Məclis arasında təşkilatın 20-ci sessiyasının 2026-cı ildə Bakı şəhərində keçirilməsinə dair Anlaşma Memorandumu da imzalanıb. Sənədi Təşkilatın Baş katibi Muhammed Xurayçi Niyass və Milli Məclis Aparatının rəhbəri Fərid Hacıyev imzalayıblar.