Xaqani küçəsində mikromobillik zolağının təşkilinə başlanılıb

22 Oktyabr 2025 17:17 (UTC+04:00)

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən Bakı şəhərində mikromobillik infrastrukturunun inkişaf etdirilməsi istiqamətində işlər davam etdirilir. AYNA-dan SİA-ya bildirilib ki, məqsəd şəbəkənin davamlılığına nail olmaq və mikromobillik vasitələrindən istifadə edən hərəkət iştirakçılarının təhlükəsizliyini və rahatlığını təmin etməkdir.

Kəsintisiz mikromobillik zolağının təşkili üçün mərhələli qaydada velosiped yolları əlaqələndirilir.

Görülən işlər çərçivəsində daha əvvəl Xaqani küçəsinin Kövkəb Səfərəliyeva küçəsi ilə kəsişməsindən Puşkin küçəsinədək təşkil edilən mikromobillik şəbəkəsi hazırda Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər uzadılır.

Bununla da Xaqani küçəsində olan zolaqlar Bülbül prospektindəki zolaqlarla əlaqələndirilir. Görülən işlər çərçivəsində müvafiq nişanlanma işləri həyata keçirilir. Yaxın günlərdə yol nişanlarının və təhlükəsizlik sədlərinin quraşdırılması həyata keçiriləcək.