"Gənclik mənəvi və intellektual inkişaf dövrüdür" - MÜNASİBƏT BİLDİRİLDİ

22 Oktyabr 2025 15:32 (UTC+04:00)

"Gənclik fizioloji inkişafla bərabər, eyni zamanda mənəvi və intellektual dəyərlərin formalaşması dövrüdür. Bu, insan həyatında ən həssas, eyni zamanda ən məhsuldar mərhələ sayılır. Qeyd etdiyimiz keyfiyyətlərin formalaşmasında isə ən mühüm rolu informasiya oynayır". Bu sözləri SİA-ya açıqlamasında İctimai xadim, şəhid ailələrinə dəstək tədbirlərinin təşkilatçısı, xeyriyyəçi, sosioloq Arzu Əliyeva deyib.

Onun sözlərinə görə, müasir dövrdə informasiya cəmiyyətin hər bir üzvünün, xüsusilə də gənclərin dünyagörüşünün əsas mənbəyinə çevrilib: "Sosial şəbəkələr bu gün ciddi bir informasiya məkanı kimi çıxış edir. Bəşəriyyət tarixində əbədi bir savaş gedir — xeyirlə şər, işıqla zülmət, həqiqətlə haqsızlıq arasında. Bu mübarizənin ən güclü silahı isə informasiyadır. Kim bu silaha sahib olarsa, qələbə də onun olur.

Təəssüflər olsun ki, bu informasiya savaşında xarici və daxili destruktiv qüvvələr gənclərimizin mənəvi və intellektual keyfiyyətlərinin deqradasiyasında mühüm rol oynayırlar. Onlar sosial şəbəkələr vasitəsilə milli kimliyimizi, dəyərlərimizi və ailə institutumuzu hədəfə alırlar.

Həqiqəti söyləmək lazımdır: bu gün sosial şəbəkələrdə hansı azadlıqdan danışmaq olar? Real mənzərə budur ki, sosial şəbəkələrdə ciddi bir xaos hökm sürür. Obrazlı şəkildə desək, “cin şüşədən çıxıb”. Nəticədə, milli dəyərlərimiz eybəcərləşdirilir, ailə institutuna qarşı təbliğat aparılır, mənəvi dəyərlər sarsıdılır. Bu, təkcə fərdlərin deyil, bütövlükdə cəmiyyətin gələcəyinə yönəlmiş ciddi təhlükədir. Ona görə də sosial şəbəkələrin dövlət və cəmiyyət tərəfindən nəzarətə götürülməsi zəruridir. İnformasiya təhlükəsizliyi yalnız texnoloji yox, həm də mənəvi məsələdir. Cəmiyyətin sağlam gələcəyi, gənclərin doğru istiqamətdə formalaşması üçün sosial medianın təsir dairəsi nəzarətdə olmalıdır. Bu, azadlığa qarşı deyil, əksinə, azad düşüncənin, sağlam gəncliyin və milli dəyərlərin qorunması naminə atılmış zəruri addımdır".