Müasir din təhsili modellərinin müzakirə olunduğu beynəlxalq simpoziumun açılış mərasimi keçirilib - YENİLƏNİB/FOTOLAR

22 Oktyabr 2025 15:00 (UTC+04:00)

Bakıda "Müasir din təhsili modelləri: mənəvi dəyərlər və qlobal çağırışlar kontekstində" beynəlxalq simpoziumun açılış mərasimi keçirilib. SİA xəbər verir ki, əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Sonra Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov çıxış edərək Prezident İlham Əliyevin tolerantlıq və multikulturalizm siyasətinin dini, mədəni müxtəlifliyi qorumaqla, ölkəmizi dünyaya beynəlxalq dialoq və əməkdaşlıq məkanı kimi təqdim etməyə imkan yaratdığına diqqət çəkib.

O qeyd edib ki, Azərbaycanın dini təhsil modeli də məhz bu prinsiplərə əsaslanır. Klassik İslam ənənələri, müasir pedaqoji yanaşmalar üzərində qurulmuş bu modeli təkmilləşdirmək qarşımızda duran əsas hədəflərdən biridir. Bu nöqteyi-nəzərdən düşünürəm ki, simpoziumda aparılacaq elmi diskussiyalar təcrübə mübadiləsi baxımından həm Azərbaycan alimləri, həm də digər iştirakçılar üçün faydalı olacaq.

Komitə sədri əlavə edib ki, mənəvi dəyərlərin qorunub saxlanılmasını, dini radikalizm və ekstremizm ideyalarından cəmiyyətin qorunmasını, multikultural və tolerantlıq ənənələrinin təşviqini, gənclərin yeni çağırışlar və reallıqlara uyğun yetişdirilməsini təmin edən model tapmaq lazımdır. Çünki din təhsili dini biliklərin və təsəvvürlərin zənginləşdirilməsinə xidmət etməklə yanaşı, cəmiyyət daxilində sabitlik və harmoniya yaradan, qarşılıqlı etimadı gücləndirən, mədəni və tarixi kimliyi qoruyan mühüm alətdir.

Elm və təhsil nazirinin müavini Firudin Qurbanov simpoziumda müzakirə olunan məsələlərin həm elmi, həm mənəvi, həm də ictimai baxımdan çox vacib mövzu olduğunu deyib.

Nazir müavini bu məqsədlə orta məktəblərdə, ali təhsil müəssisələrində bir sıra fənlərin proqramlarında din və dini-mədəni irs haqqında məlumatların sistemli şəkildə öz əksini tapdığına diqqət çəkib: “Bu məlumatlar həm tədris proqramlarında, həm də dərs vəsaitlərində xüsusi bölmələr şəklində yer alır. Bu, gənclərin müxtəlif dinlər haqqında obyektiv biliklər qazanmasına, onlarda hörmət və tolerantlıq mədəniyyətinin formalaşmasına xidmət edir. Məhz bu siyasətin nəticəsində hazırda Azərbaycanda dini dözümlülük və multikulturalizm yüksək səviyyədə qorunur. Bizim gənclərimiz digər xalqların, digər dinlərin müqəddəs dəyərlərinə hörmətlə yanaşmağı bacarırlar. Bunun ən bariz nümunələrini biz tarixi və dini irsimizə olan münasibətdə də aydın şəkildə görürük. Ölkəmizdə müxtəlif dövrlərdən qalan dini abidələr, istər İslam, istərsə də qeyri-islam məbədləri dövlət səviyyəsində qorunur”.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov ölkəmizdə dinlər və məzhəblər arasında heç bir qarşıdurma və ya ayrı-seçkiliyin olmadığını diqqətə çatdıraraq deyib: “Əksinə, Azərbaycanda müxtəlif dinlərin və məzhəblərin nümayəndələri bərabərhüquqlu, qarşılıqlı hörmətə əsaslanan münasibətlərlə fəaliyyət göstərirlər. Bu, yalnız dinlərarası dialoqun nümunəsi deyil, həmçinin Azərbaycanda formalaşmış din və dövlət münasibətlərinin sağlam mahiyyətinin göstəricisidir. Multikulturalizmə və dinlərarası harmoniya siyasətinə Azərbaycanda verilən dəyər dövlət səviyyəsində qəbul olunmuş ideoloji xətdir. Bu, təkcə siyasi və sosial seçim deyil, xalqımızın əsrlərlə formalaşmış mədəni və mənəvi irsinin təbii davamıdır. Biz bu modelin yaşaması və daha da möhkəmlənməsi üçün həm təhsil sistemində, həm də ictimai həyatın bütün sahələrində mənəvi dəyərlərin, qarşılıqlı anlayışın və dinlərarası əməkdaşlığın gücləndirilməsinə böyük önəm veririk”.

Milli Məclis sədrinin müavini, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru akademik Rafael Hüseynov çıxışında qeyd edib ki, peşəkar səviyyədə təşkil olunan din təhsili yalnız din xadimləri üçün deyil, bütöv cəmiyyətin dini savadlılığı üçün də mühüm rol oynayır. “Dinin ən etibarlı dayaqlarından olan din təhsili daim axtarışda olmalı, öz məqsədlərinə çatmaq üçün yeni metodlar tapmalıdır. Çünki mənəvi dəyərlərin qorunması və cəmiyyətdə nizamın saxlanması məhz bu təhsilin səviyyəsindən asılıdır. Bu gün dünya texnoloji inqilab dövrünü yaşayır. Əvvəllər bir çox yeniliklər “şeytan əməli” kimi qəbul edilirdi. Lakin ağılla və məqsədyönlü şəkildə istifadə ediləndə həmin texnologiyalar insanlığa xidmət edən “mələk qüvvəsinə” çevrilib”, - deyə deputat vurğulayıb.

Milli Məclisin Elm və təhsil komitəsinin sədri, deputat Anar İsgəndərov simpoziumda qaldırılan məsələlərin həm milli, həm də beynəlxalq miqyasda çox aktual və həyati əhəmiyyət daşıdığını vurğulayıb. “Bu gün tam əminliklə deyə bilərik ki, Azərbaycanda din və dövlət münasibətləri artıq bir modelə çevrilib və bu model həm bölgədə, həm də beynəlxalq miqyasda sülh, sabitlik və mənəvi harmoniya nümunəsi kimi dəyərləndirilir. Avropanın bəzi ölkələrində dini liderlərlə dövlət nümayəndələri arasında ziddiyyətlərin və fikir ayrılıqlarının mövcud olduğu da reallıqdır. Hətta bu münasibətlər bəzən qarşıdurma və ya rəqabət formasında təzahür edir. Ancaq Azərbaycanda belə bir hal yoxdur. Burada din adamları ilə dövlət nümayəndələri bir-birilərinin tərəfdaşı, əməkdaşı və birgə məqsədlərin daşıyıcısıdır. Bu, təsadüfi deyil. Çünki Azərbaycan dövləti dini azadlıqları və mənəvi dəyərləri yüksək səviyyədə qoruyur, eyni zamanda dövlətçilik prinsiplərini möhkəmləndirir”, - deyə komitə sədri bildirib.

Parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa bu simpoziumun müasir dünyada din təhsili və mənəvi dəyərlərin qorunması baxımından mühüm əhəmiyyət daşıdığını söyləyib. Deputat ölkəmizdə bütün din nümayəndələrinin bərabər hüquqlara malik olduğunu, qarşılıqlı hörmət və əməkdaşlıq şəraitində yaşadığını və fəaliyyət göstərdiyini deyib.

Qafqaz Müsəlman İdarəsinin sədr müavini Salman Musayev isə müasir dünyanın mürəkkəb çağırışları fonunda din təhsilinin mahiyyətini, onun insanı və cəmiyyəti formalaşdırmadakı rolunu müzakirə etməyin vacibliyinə diqqət çəkərək deyib: “Bu gün dünyada bəzən nifrət, islamofobiya, dini ayrı-seçkilik kimi təəssüf doğuran meyllər müşahidə olunur. Lakin Azərbaycan göstərir ki, dinlər arası dialoq və birgəyaşayış mümkündür. Bunun sirri isə düzgün qurulmuş din təhsilində, sağlam dini düşüncənin formalaşdırılmasındadır”.

Qeyd edək ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, tabeliyində fəaliyyət göstərən Azərbaycan İlahiyyat İnstitutu və Mənəvi Dəyərlərin Təbliği Fondunun birgə təşkilatçılığı ilə baş tutan simpozium iki gün davam edəcək.

Beynəlxalq tədbirdə dövlət rəsmiləri, dini konfessiyaların, yerli ali təhsil və tədqiqat müəssisələrinin nümayəndələri ilə yanaşı, Türkiyə, Özbəkistan, Qazaxıstan, Pakistan, İndoneziya, Malayziya, Gürcüstan, Albaniya, ABŞ, Rusiya, İsveçrə, BƏƏ, Misir və İraqın nüfuzlu universitetlərinin rəhbərləri, alim və mütəxəssislər, ümumilikdə 40-a yaxın xarici qonaq iştirak edir.