"Söküntü tullantılarının idarə olunması davamlı sənaye üçün lazımdır" - AYDINLIQ GƏTİRİLDİ

22 Oktyabr 2025 13:26 (UTC+04:00)

"Dünyada artan əhali, istehlak vərdişlərinin dəyişməsi və sənaye fəaliyyətlərinin artması tullantı problemini getdikcə daha aktual edir". Bu sözləri SİA-ya açıqlamasında Səma və Ekososial-İqtisadi İnkişafa Yardım İctimai Birliyinin sədri İradə Həsənova deyib.

Onun sözlərinə görə, müasir dövrdə tullantıların düzgün idarə edilməsi ekoloji tarazlığın qorunması və yaşayış mühitinin təmiz saxlanması üçün vacibdir: "Əsasən sənaye və tikinti tullantılarının idarə edilməsi mühüm məsələlərdəndir. Bunlardan biri tikinti və söküntü tullantılarının utilizasiyasıdır. Tikinti sənayesi dünya miqyasında əhəmiyyətli iqtisadi töhfə versə də, onun ətraf mühitə təsiri də nəzərə alınmalı mühüm sahədir. Tikinti prosesləri böyük miqdarda tullantı yaradır və bu tullantıların düzgün idarə edilməsi və təkrar emalı davamlı sənaye üçün çox vacibdir. Həm tikinti, həm də söküntü işləri zamanı əmələ gələn tikinti tullantıları adətən böyük həcmdə materiallardan ibarətdir və düzgün idarə edilmədikdə ətraf mühitə mənfi təsiri əhəmiyyətli ola bilər.

Bu baxımdan Azərbaycanda da əlaqədar qurumlar gərəkli tədbirlər görürlər. Tullantıların təkrar emalı və istifadəyə verilməsi işğaldan azad edilmiş Qarabağ ərazilərində də həyata keçirilir. İşğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və yenidənqurma işləri nəticəsində tikinti və söküntü tullantılarının sayı xeyli artıb. İlk dəfə Ağdam rayonunda tikinti və söküntü tullantılarının təkrar emalına başlanılıb. Bu isə tikinti və söküntü tullantılarının ətraf mühitə təsirini əhəmiyyətli dərəcədə azaltmağa kömək edəcək. Bu materiallar poliqona atılmaq əvəzinə təbii ehtiyatları qoruyaraq və çirklənməni minimuma endirməklə təkrar emal ediləcək və yenidən həmin ərazilərdə aparılan bərpa işlərində istifadə olunacaq. Eyni zamanda, Bakıda da tikinti və söküntü tullantılarının idarə edilməsi üçün əsasən onların təkrar emalına dair təkliflər hazırlanır. Təbii ki, tikinti-söküntü tullantıları ilə bağlı beynəlxalq ekspertlər cəlb edilib və birlikdə həm Qarabağda, həm də Şərqi Zəngəzurda tullantıların idarə edilməsi üçün layihələr hazırlanıb.

Tullantıların idarə olunması strategiyaları tikinti layihələrinin ekoloji dayanıqlığının artırılmasında mühüm rol oynayır. Tullantıların düzgün ayrılması, təkrar istifadəsi, təkrar emalı və yerində azaldılması kimi təcrübələr həm ekoloji cəhətdən məsuliyyətli yanaşmaya, həm də sənaye daxilində resurslardan daha səmərəli istifadəyə imkan verir".