Naxçıvanda dövlət əmlakının icarəyə verilməsi nəticəsində ödənilən vəsait 70,6 faiz artıb

22 Oktyabr 2025 10:14 (UTC+04:00)

Cari ildə “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”na uyğun olaraq, dövlət mülkiyyətində olan daşınmaz əmlakın icarəyə verilməsinin sürətləndirilməsi, yeni sahələrin icarəyə cəlb edilməsi və dövlət büdcəsinə daxilolmaların artırılması istiqamətində mühüm tədbirlər həyata keçirilib. Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyindən SİA-nın bölgə müxbirinə verilən məlumata görə, bu çərçivədə 2025-ci ilin yanvar-sentyabr aylarında Naxçıvan Muxtar Respublikasında dövlət mülkiyyətində olan əmlakın icarəyə verilməsi ilə bağlı 368 müraciət daxil olub. Bunlardan 88-i torpaq sahələri, 280-i isə qeyri-yaşayış sahələri ilə bağlı olub. Nəticədə 63 torpaq sahəsi və 113 qeyri-yaşayış sahəsi üzrə yeni icarə müqaviləsi bağlanıb, 131 müqavilənin isə müddəti uzadılıb.

Cari ilin 9 ayı ərzində qüvvədə olan müqavilələr üzrə dövlət büdcəsinə torpaq sahələrinin icarəsindən 220 min manat, qeyri-yaşayış sahələrinin icarəsindən isə 274,2 min manat olmaqla, 494,2 min manat vəsait ödənilib. Bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 70,6 faiz artım deməkdir.