Oktyabrın 21-də Ukrayna Müdafiə Qüvvələri Rusiyanın Bryansk kimya zavodunu raketlərlə vurub. SİA xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Bildirilib ki, Ukrayna qüvvələri Rusiya ərazisində strateji hərbi-sənaye obyektlərinə zərbələr endirməkdə davam edir və bununla da Rusiya ordusunun hücum potensialını zəiflədir.
“Oktyabrın 21-də Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri Quru Qoşunları, Hərbi Dəniz Qüvvələri və Ukrayna Müdafiə Qüvvələrinin digər komponentləri ilə əməkdaşlıq edərək Bryansk kimya zavoduna zərbələr endirib”, - deyə məlumatda bildirilir.
Hazırda zərərin nəticələri dəqiqləşdirilir.
Baş Qərargah qeyd edib ki, Bryansk kimya zavodu Rusiyanın hərbi-sənaye kompleksinin mühüm tərkib hissəsidir. Konkret olaraq, bu zavod barıt, partlayıcı maddələr və raket yanacağı komponentləri, xüsusən də Rusiyanın Ukraynanı atəşə tutmaq üçün istifadə etdiyi sursat və raketlər istehsal edir.