İctimai nəqliyyatdakı problemlər niyə həllini tapmır ? - QURUMDAN AÇIQLAMA

21 Oktyabr 2025 17:24 (UTC+04:00)

Son dövrlərdə paytaxtda nəqliyyat sıxlığı ilə bağlı vətəndaşların şikayətləri artır. Sərnişinlərin əsas narazılıqları metro, avtobus və ümumilikdə ictimai nəqliyyatda müşahidə olunan sıxlıq, eləcə də mənzil başına vaxtında çatmaqda çətinlik çəkmələridir. SİA məsələyə aydınlıq gətirmək üçün Azərbaycan Dəmir Yolları (ADY) və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) sorğu ünvanlayıb.

AYNA-dan verilən məlumata görə, marşrut şəbəkəsi və ictimai nəqliyyatın fəaliyyəti mütəmadi təhlil edilir, şəbəkə yenidən formalaşdırılaraq marşrutlar mərhələli qaydada müsabiqəyə çıxarılır.
Bildirilib ki, AYNA tərəfindən daşıyıcılara istismarlarında olan xətlər üzrə avtobusların yenilənməsi barədə tapşırıqlar verilir və mütəmadi nəzarət tədbirləri həyata keçirilir: “Hazırda Bakıda müntəzəm marşrut xətlərində 2300-dən çox avtobus istismar olunur. Həmçinin dövlətin təşəbbüsünü dəstəkləyən özəl nəqliyyat şirkətləri tərəfindən ekoloji cəhətdən təmiz texnologiyalardan, yəni elektrik enerjisi və ya sıxılmış təbii qazdan istifadə edən müasir avtobusların ölkəyə gətirilməsi davam etdirilir və onların sayının 2800-ə çatdırılması hədəflənir. Həmçinin Bakı şəhərində yeni avtobus zolaqları şəbəkəsinin tətbiqi çərçivəsində hazırda paytaxtın 40-dan küçə və prospektdə uzunluğu 110 km-dən çox xüsusi hərəkət zolağı təşkil edilib. Bu dəyişikliklər sayəsində zolaqlar üzrə hərəkət edən avtobusların orta sürəti artıb və şəhərin bəzi ərazilərində gediş vaxtı 12-22 dəqiqəyə qədər qısalıb. Bu isə sərnişinlərin ictimai nəqliyyat növü kimi avtobuslara marağını artırıb.

2025-ci il ərzində 10 marşrut üzrə yenilənmə aparılıb və 150-yə yaxın ekoloji təmiz avtobus daşımalara cəlb olunub. Yenilənmə prosesi paytaxtla yanaşı Sumqayıt şəhəri və Abşeron rayonu ərzisini də əhatə edib. Belə ki, 7 marşrut üzrə 85 müasir avtobus sərnişinlərin istifadəsinə verilib. Əlavə olaraq, bu yaxınlarda daşıyıcılar tərəfindən Bakı şəhərində daşımalara ekoloji cəhətdən təmiz və komfortlu daha 200 avtobus gətiriləcək.
Marşrutun müvəqqəti istismarçılarına avtobusların sayının sərnişin axınına uyğun nizamlanması, günün pik saatlarında marşruta əlavə avtobusların cəlb edilməsi barədə tapşırıqlar verilir.

ADY-dan isə sorğumuza cavab olaraq bildirilib ki, “Azərbaycan Dəmir Yolları” QSC (ADY) sərnişin sıxlığının qismən tənzimlənməsi məqsədilə 1 aprel tarixindən Abşeron dairəvi dəmiryol marşrutu üzrə qatarların qrafikini optimallaşdırıb. İş günləri və ya həftəiçi reyslərin sayı 66-dan 92-yə çatdırılıb, xüsusən günorta saatlarında qatarlararası interval azaldılıb.

15 sentyabr 2025-ci il tarixindən isə sərnişin tələbatını təmin etmək məqsədilə Abşeron dairəvi dəmir yolu marşrutu üzrə hərəkət edən qatarlar yenilənmiş hərəkət cədvəli ilə xidmət göstərir. Yeni hərəkət cədvəlinə əsasən, iş günləri Abşeron dairəvi marşrutu üzrə reyslərin sayı 92 reysdən 104 reysə çatdırılıb.

Abşeron dairəvi dəmir yolu üzrə mövcud infrastruktur, eləcə də müasir hərəkət tərkibləri bu cür sıx qrafiklə işləməyə imkan verir. Hazırda Bakı–Xırdalan–Sumqayıt xətti üzərində yerləşən Dərnəgül dayanacağının inşası davam etdirilir. Tikinti işləri çərçivəsində 2 ədəd turniket binasının, 1 piyada keçidinin, 4 ədəd platforma inşa olunacaq.

Qeyd edək ki, ötən il Abşeron dairəvi dəmir yolu ilə gündəlik 37 minədək sərnişin daşınırdısa, hazırda bu göstərici 42 mini ötüb, hətta 13 oktyabrda rekord həddə çatıb – 42 642 nəfər daşınıb. Son vaxtlar müşahidə edilən sərnişin sıxlığının səbəbi də budur. Lakin əsas məqam ondan ibarətdir ki, bu saya qatarlarda 100 faiz doluluq halında nail olunub. Halbuki ötən il pik saatlarda qatarlarda doluluq 140 faiz idi. “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsinə dair Tədbirlər Planına əsasən, qeyd edilən illərdə 20 ədəd yeni sərnişin qatarının alınması nəzərdə tutulur.

Azərbaycan dəmir yollarında qatarların gecikməsi təkrarlanan hal deyil, uzunmüddətli gecikmələr isə nadir hallarda qeydə alınır. Qısamüddətli gecikmələr xüsusilə Abşeron dairəvi dəmir yolunda pik saatlarda sərnişin sıxlığı ilə əlaqədar olur, eyni zamanda, qatarın qarşısına qəfil insan və nəzarətsiz buraxılan heyvanların çıxması, eləcə də rayonlararası marşrutlar üzrə qatarlarda sərnişinin səhhətində yaranan problem və digər səbəblərdən baş verir. Ümumilikdə Abşeron dairəvi dəmir yolunda pik saatlarında bir qatarın gecikməsi digər qatarların da hərəkətinə təsir göstərir. Bütövlükdə Azərbaycan dəmir yollarında davamlı olaraq infrastruktura baxış keçirilir, eləcə də bir sıra sahələrdə yenidənqurma və bərpa işləri görülür.