“Prezident İlham Əliyevin Qazaxıstana səfəri ərəfəsində “Kazinform” agentliyinə verdiyi müsahibə Azərbaycan-Qazaxıstan münasibətlərinin dərin strateji xarakterini bir daha nümayiş etdirdi. Dövlət başçısının fikirlərində iki ölkə arasında siyasi, iqtisadi və mədəni əməkdaşlığın hərtərəfli inkişafı ilə yanaşı, bu tərəfdaşlığın Türk dünyası və regional inteqrasiya baxımından da əhəmiyyətli olduğu vurğulanır. Prezident qeyd edir ki, qarşılıqlı etimad, ortaq tarixi-mədəni köklər və türk kimliyi üzərində qurulan bu əlaqələr artıq sadəcə dostluq çərçivəsini aşaraq strateji müttəfiqlik səviyyəsinə yüksəlib”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Züriyyə Qarayeva deyib.
O bildirib ki, müsahibədə xüsusilə iqtisadi və nəqliyyat sahəsində əldə edilən irəliləyişlər ön plana çıxır: “Prezident Əliyev Orta Dəhlizin genişlənməsi, Aktau və Ələt limanları arasında logistika imkanlarının artırılması, neft-qaz və yaşıl enerji sahəsində əməkdaşlığın gücləndirilməsini iqtisadi tərəfdaşlığın əsas sütunları kimi dəyərləndirir. Qazaxıstan kapitalı ilə Azərbaycanda fəaliyyət göstərən şirkətlərin artması və qarşılıqlı investisiya həcmlərinin yüksəlməsi iki ölkənin iqtisadi əlaqələrinin sağlam təməl üzərində qurulduğunu göstərir.
Müsahibədə Türk Dövlətləri Təşkilatının rolu xüsusi qeyd olunur. Prezident Əliyev TDT-nin Azərbaycan və Qazaxıstan üçün təkcə siyasi platforma deyil, həm də türk dünyasının mədəni və elmi inteqrasiyasını təmin edən strateji mexanizm olduğunu vurğulayır. Qəbələ və Şuşada keçirilən zirvə görüşlərinin, eləcə də Beynəlxalq Türk Akademiyasının fəaliyyətinin Türk dünyasının birliyini möhkəmləndirdiyi bildirilir.
Prezidentin toxunduğu daha bir vacib məsələ Xəzər dənizinin dayazlaşması və bunun doğurduğu ekoloji təhlükələrdir. O, Xəzəryanı dövlətlərin bu istiqamətdə koordinasiyalı fəaliyyət göstərməsinin, elmi məlumat mübadiləsinin və birgə tədbirlərin vacibliyini qeyd edir. Bu yanaşma Azərbaycanın ekoloji məsuliyyətə və regional əməkdaşlığa verdiyi önəmi göstərir.
Ümumilikdə, müsahibə göstərir ki, Azərbaycan ilə Qazaxıstan arasında münasibətlər təkcə iki ölkənin maraqları ilə məhdudlaşmır, həm də Türk dünyasının birliyi, Avrasiya məkanında sabitlik və qarşılıqlı iqtisadi inteqrasiya baxımından strateji əhəmiyyət daşıyır. Əliyevin sözləri həm praqmatik, həm də ideoloji baxımdan Orta Asiya və Cənubi Qafqaz arasında yeni əməkdaşlıq modelinin formalaşdığını göstərir”.