"Ermənistan rəhbərliyinin sülh prosesi ilə bağlı tərəddüdləri həm daxili siyasi ziddiyyətlərdən, həm də xarici təsirlərdən qaynaqlanır. Azərbaycanla sülh müqaviləsinin imzalanması regionda yeni geosiyasi reallığın formalaşması deməkdir və bu reallığı qəbul etmək Ermənistanda hələ də siyasi cəsarət tələb edir". Bu sözləri SİA-ya açıqlamasında siyasi ekspert Aydın Quliyev deyib.
Onun sözlərinə görə, Paşinyan hökuməti formal olaraq sülh danışıqlarına razılıq versə də, bu prosesdə ardıcıl və prinsipial mövqe nümayiş etdirmir. Bunun bir neçə səbəbi var. Əvvəla, Ermənistanda hələ də revanşist qüvvələr aktivdir və onlar cəmiyyətə "ərazi itkisi", "milli məğlubiyyət" kimi emosional mesajlar ötürürlər. Bu isə hökumətin atdığı hər bir sülh addımını daxildə böyük müqavimətlə üz-üzə qoyur: "Digər tərəfdən, Rusiyanın bölgədəki maraqları və təsir mexanizmləri Ermənistanın müstəqil qərarvermə imkanlarını məhdudlaşdırır. Moskva Cənubi Qafqazda balansı qorumaq üçün Ermənistanın sülh sazişini uzatmasında maraqlıdır. Ermənistan rəhbərliyi Qərblə Rusiya arasında seçim etməkdə də çətinlik çəkir. Paşinyan bir tərəfdən Avropa İttifaqı və ABŞ-a yaxınlaşmaq istəyir, digər tərəfdən isə hələ də iqtisadi və təhlükəsizlik baxımından Rusiyadan asılı vəziyyətdədir. Bu ikili siyasət sülh prosesində qeyri-müəyyənlik yaradır. Qərb Ermənistandan real addımlar gözləyir, Rusiya isə prosesin uzanmasını öz təsirinin saxlanılması vasitəsi kimi görür. Azərbaycan tərəfi artıq sülh prosesinin bütün əsas prinsiplərini təqdim edib və konkret iradə göstərib.
Azərbaycan açıq şəkildə bəyan edir ki, sülh müqaviləsinin imzalanması regionda davamlı sabitlik, iqtisadi əməkdaşlıq və yeni kommunikasiya xətlərinin açılması üçün əsas şərtdir. Ermənistan isə bu reallığı qəbul etdikcə, həm iqtisadi, həm də siyasi cəhətdən qazanclı çıxacaq. Lakin prosesin uzadılması və qeyri-konstruktiv mövqelər Ermənistanın öz təcridini daha da dərinləşdirir. Cənubi Qafqazda sülhün alternativi yoxdur. Azərbaycan artıq post-münaqişə dövrünü formalaşdırıb, bölgədə yeni əməkdaşlıq modeli yaradıb. Ermənistan bu reallığa uyğun davranmasa, regiondakı inteqrasiya proseslərindən kənarda qalacaq. Sülh müqaviləsi təkcə iki ölkə arasında sənəd deyil, həm də gələcək onilliklər üçün sabitliyin və rifahın təminatıdır".