"Azərbaycan-Qazaxıstan Türk dünyasının inteqrasiyasında mühüm rol oynayır" - POLİTOLOQ ŞƏRH ETDİ

21 Oktyabr 2025 14:00 (UTC+04:00)

"Prezident İlham Əliyevin Astanada Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev tərəfindən yüksək səviyyədə qarşılanması təkcə iki ölkə arasındakı dostluq və qardaşlıq münasibətlərinin nümayişi deyil, eyni zamanda Türk dünyasının gələcək inteqrasiyası baxımından da mühüm strateji hadisədir. Bu səfər bir daha sübut edir ki, Azərbaycan və Qazaxıstan artıq regional proseslərdə mühüm söz sahibi olan, qarşılıqlı siyasi etimada əsaslanan iki aparıcı dövlətdir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Polad Mehdiyev deyib.

Onun sözlərinə görə, son illərdə Azərbaycan ilə Qazaxıstan münasibətləri sadəcə ikitərəfli formatda deyil, həm də Türk Dövlətləri Təşkilatı (TDT), İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) və digər regional platformalar çərçivəsində strateji məna kəsb edir. Prezident İlham Əliyev və Kasım-Jomart Tokayevin hər bir görüşü Türk dünyasında birliyin, iqtisadi əməkdaşlığın və ortaq təhlükəsizlik mexanizmlərinin möhkəmlənməsinə xidmət edir: "Qazaxıstan Azərbaycanın Mərkəzi Asiyadakı ən yaxın tərəfdaşlarından biridir. Xüsusilə, Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişafı, enerji və logistika sahələrində əməkdaşlıq, eləcə də rəqəmsal texnologiyalar və yaşıl enerji üzrə birgə layihələr iki ölkənin əlaqələrini strateji səviyyəyə yüksəldir. İlham Əliyevin bu səfəri həmin sahələrdə yeni razılaşmaların və təşəbbüslərin başlanğıcı ola bilər. Digər tərəfdən, bu səfər Türk Dövlətləri Təşkilatının yaxın dövrlərdə keçirilməsi planlaşdırılan sammiti ərəfəsində baş tutur. Bu da onu göstərir ki, Bakı və Astana TDT-nin siyasi və iqtisadi xəttinin formalaşmasında aparıcı rol oynayır. Məhz bu iki ölkənin liderləri türk birliyinin real siyasi gücə çevrilməsi istiqamətində praktiki addımlar atır.

Siyasi baxımdan bu səfər həm də regionda yeni güc balansının formalaşdığını göstərir. Azərbaycanın Cənubi Qafqazda yaratdığı sabitlik modeli, Qazaxıstanın Mərkəzi Asiyada oynadığı tarazlaşdırıcı rol ilə birləşərək Türk dünyasında müstəqil, vahid mövqenin formalaşmasına təkan verir. Bu, həm Rusiya, həm Çin, həm də Qərb üçün regional sabitliyin mühüm təminatçısı rolunu oynayan türk dövlətlərinin mövqeyini gücləndirir. Beləliklə, İlham Əliyevin Astanaya səfəri sadəcə diplomatik protokol xarakteri daşımır - bu, həm strateji, həm siyasi, həm də ideoloji baxımdan Türk dünyasının gələcəyinə yönəlmiş addımdır. Azərbaycan və Qazaxıstan arasında dostluq və qarşılıqlı hörmətə əsaslanan münasibətlər artıq qlobal səviyyədə türk birliyinin yeni mərhələsinin əsas sütunlarından birinə çevrilməkdədir".