Müəllim - ən müqəddəs və ən şərəfli addır. Müəllimlik sənətini ucaldan isə müəllim peşəsini ləyaqətlə daşıyan, hər bir şagirdinə sözün əsl mənasında ata-ana olan böyük MÜƏLLİMLƏRİMİZDİR.
İnsanla həmyaşdır, ölməz, yorulmaz,
Bizimlə yol gedir müəllim ömrü.
Hamıya pay verib ömründən bir az,
Məndəndir, səndəndir müəllim ömrü.
Müəllimlik bütün peşələrin şahıdır. Müəllim yeni insan nəsli yetişdirən, bütöv bir xalqın gələcəyini bünövrədən ucaldan insan mühəndisidir. Çünki hər bir kəsi - alimi də, həkimi də, fəhləni də yetişdirən, ləyaqətli vətəndaş kimi cəmiyyətə təqdim edən məhz müəllimdir. “Müəllim yeganə sənətkardır ki, əsərinin üzərində adı yazılmır” deyirdi Mustafa Kamal Atatürk.
İstanbulu fəth edən Fateh Sultan Mehmet, şəhərə girəndə ona uzadılan güllərin özünə deyil, müəlliminə aid olduğunu ucadan deyirdi. “Mən İstanbulu fəth etdiyimə deyil, məni fateh olaraq yetişdirən müəllimim Ağşəmsəddinlə eyni zamanda yaşadığıma sevinirəm”.
Onun 60 illik yubileyinin tamam olduğunu eşidəndə, istər-istəməz yaddaşım lap uzaqlara, ötən əsrin səksəninci illərinə, gözəl və unudulmaz məktəb illərinə apardı məni. 1986-ci ildə o zamankı Dəvəçi rayonunun 2 saylı orta məktəbində ( indiki Şabran şəhər R.Yusifov adına 2 saylı tam orta məktəb –lisey) ikinci sinifdə təhsil alarkən ibtidai sinif müəllimimiz Ruhulla müəllim rəhmətə getmişdi. Rəhmətlik Ruhulla müəllim olduqca tələbkar, şagird intizamına son dərəcə diqqət göstərən müəllim idi.
Nə gizlədim, o zaman biz şagirdlər daha azad, yaradıcı sinif mühitinə həsrət idik. Qorxu əvəzinə daha çox sevgiyə ehtiyacımız vardı. Yaxşı yadımdadır, bir gün gənc, gülərüz bir müəllimə gəldi sinifimizə. Dedilər yeni müəllimimizdir, bundan sonra bizə dərs deyəcək. Daha çox şagirdlərə müəllim sevgisi ilə yanaşan, uşaqlara kitabı sevdirən Elnarə müəllimə idi yeni müəllimimiz -Elnarə Mahmudova...
Hər bir insanın hafizəsinə ibtidai sinif müəllimi əbədi həkk olur sən demə. O zamandan az qala qırx ilə yaxın vaxt keçib, amma Elnarə müəllimə yaddaşımda həmişəlik həkk olub desəm qəti səhv etmərəm.
QISA ARAYIŞ: Mahmudova Elnarə Əhəd qızı 1965-ci il oktyabrın 20-də Astara rayonun Təngərüd kəndində anadan olub. Həmin kənddə orta təhsilini başa vurduqdan sonar 1982-ci ildə Lənkəran Pedaqoji Kollecinə daxil olub. 1985-ci ildə Şabran şəhər R.Yusifov adına 2 saylı tam orta məktəb -liseydə pedaqoji fəaliyyətə başlayıb. Pedoqoji fəaliyyətdə olduğu bu 40 il ərzində çoxlu sayda həkimlərin, müəllimlər və mühəndislərin, ən əsası da ləyaqəti gənclərin yetişdirilməsi üçün əlindən gələni əsirgəməyib.
Bu dəyərli, gözəl müəllimimin 60 illik yubileyi tamam oldu. Bu gün Elnarə müəllimə yorulmadan yenə öz gözəl peşəsinə sadiqdir. Şabran şəhərindəki 2 saylı tam orta məktəb – liseydə yenə də gələcəyin dəyərli vətəndaşlarını, qəhrəman oğullarını, ziyalılarını yetişdirməklə məşğuldur. Sizi çox sevirik əziz Elnarə müəllimə, yetmiş, səksən, doxsan illik yubileylərdə görüşənədək!
Mətləb Salahov