Azərbaycan Diasporuna Dəstək Fondu Laqodexidə zərəçəkənlərə humanitar yardım göndərib

21 Oktyabr 2025 12:42 (UTC+04:00)

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin tabeliyində olan Azərbaycan Diasporuna Dəstək Fondu cari il sentyabrın 27-də Gürcüstanın Laqodexi rayonu ərazisindəki Qabal çayının daşması nəticəsində baş vermiş təbii fəlakətdən zərər çəkmiş soydaşlarımıza humanitar yardım göndərib. SİA xəbər verir ki, yardım Laqodexi bələdiyyəsinin Qabal, Gəncəli, Uzuntala, Qaracalar və digər bir sıra kəndlərinin sakinlərinə paylanılıb. Fondun dəstəyi və “Qabal İnkişaf Mərkəzi”nin təşkilatçılığı ilə təbii fəlakətdən zərər çəkmiş sakinlərə müxtəlif çeşiddə ərzaq məhsulları və digər zəruri ləvazimatlar paylanılıb.

“Qabal İnkişaf Mərkəzi”nin rəhbəri Yavər Məmmədov bildirib ki, təbii fəlakətdən sonra Azərbaycan Diasporuna Dəstək Fonduna müraciət olunub. Bundan sonra ümumilikdə 120 ailəyə humanitar yardım çatdırılıb. Humanitar yardım təkcə azərbaycanlılara deyil, gürcü kəndlərinin sakinlərnə də çatdırılıb.

“Biz əsrlər boyu gürcü qardaşlarımızla mehriban şəraitdə yaşamışıq. Təbii ki, ağır və çətin günlərdə belə bir-birimizə daim dayaq olmuşuq. Belə bir ağır vəziyyətdə azərbaycanlılarla yanaşı, gürcülərə də yardım göndərildiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevə və digər əlaqədar təşkilatlara minnətdarıq. Azərbaycan və gürcü xalqları əsrlər boyu dostluq, mehriban qonşuluq, qardaşlıq şəraitində yaşayıblar. Bu ənənələr bu gün də yaşayır və bütün qonşular üçün nümunə ola bilər", - deyə Y.Məmmədov vurğulayıb.

Laqodexi Bələdiyyəsinin Qabal ərazisi üzrə mer nümayəndəsi Ramiz Amirov kənd sakinləri adından göstərilən diqqət və qayğıya görə Azərbaycan Diasporuna Dəstək Fonduna təşəkkür ediblər.

Gürcü kəndinin sakinləri bidiriblər ki, Azərbaycanın qonşu Gürcüstanla münasibətləri tarixən xüsusi əhəmiyyət kəsb edib. Rəsmi Bakı həmişə Tbilisini özünə strateji tərəfdaş, dost ölkə sayıb. Bu iki xalq arasında əsrlər boyu dostluq və qardaşlıq münasibətləri olub. Bu ənənə hazırda da uğurla davam edir.

Onlar təbii fəlakətdən zərər çəkmiş rayonun gürcü sakinlərinə çatdırılan ərzaq yardımına görə Azərbaycan Prezidentinə minnətdarlıqlarını bildiriblər.