"Gənclər bizim gələcəyimizdir. Onlarla empati qurmaq, onları anlamağa çalışmaq çox vacibdir. Biz gənclərdən hörmət gözlədiyimiz kimi, özümüz də onların fikirlərinə hörmətlə yanaşmalıyıq. Bu sözləri SİA-ya açıqlamasında "Yeni Həyat" Humanitar və Sosial Dayaq İctimai Birliyinin sədri Nailə İsmayılova deyib.
Onun sözlərinə görə, bəzən bizim dünyagörüşümüz və düşüncə tərzimiz gənclərlə üst-üstə düşməyə bilər. Lakin bu, onların fikirlərini qəbul etməməyimiz anlamına gəlməməlidir: "Biz təcrübəmizi onlara zorla mənimsətməyə çalışmamalıyıq. Gənclər, əlbəttə ki, yaşlı nəslin təcrübəsindən faydalana bilər, amma bunu öz düşüncə və baxışları ilə birləşdirməlidirlər.
Mənim fikrimcə, gəncləri qaralamaq və onları “böyüklərə hörmətsiz” kimi təqdim etmək düzgün deyil. Hər bir gəncin öz baxışı, xarakteri və dəyərlər sistemi var. İnsanların barmaq izləri bir-birinə bənzəmirsə, deməli, onların düşüncələri və davranış tərzləri də eyni ola bilməz. Bu baxımdan, gənclərin sosial şəbəkələrdəki davranışlarına qiymət verərkən fərdi yanaşmaq lazımdır. Hər kəsin öz daxilində bir mədəniyyəti, intizamı və məsuliyyət hissi var. Sosial şəbəkə bu fərqləri daha aydın şəkildə üzə çıxarır.
Mən özüm də sosial şəbəkələrdən istifadə edirəm və orada təkcə gənclərin deyil, yaşlı nəslin nümayəndələrinin davranışlarını da müşahidə edirəm. Bəzən etik çərçivədən kənar paylaşımlar görəndə həm təəssüflənir, həm də narahat oluram. Çünki istər gənc, istər yaşlı olsun, hər bir insan sosial məkanda məsuliyyətli davranmalı, özünü və cəmiyyətini layiqincə təmsil etməlidir. Açığını deyim ki, bəzən dərin təəssüf hissi keçirirəm. Axı biz – orta və yaşlı nəsil nümayəndələri – elə davranış nümayiş etdirməliyik ki, gənclər bizdən nümunə götürsünlər. Əgər biz özümüz bu nümunəni göstərə bilmiriksə, gənclərdən düzgün davranış gözləmək nə dərəcədə ədalətli olar? Buna görə də hər birimiz məsuliyyət hissini dərk etməliyik.
Gənclərin sosial şəbəkələrdəki davranışlarını ümumiləşdirmək və hamını eyni çərçivəyə salmaq düzgün deyil. Bu, insanın daxili aləminə, ailə tərbiyəsinə, aldığı təhsilə və fərdi mədəniyyətinə bağlı bir məsələdir. Hər bir gənc müəyyən ailədən çıxır və, əslində, o ailənin güzgüsüdür. Doğrudur, bəzən sosial şəbəkələrdə elə davranışlara rast gəlirik ki, onlar nə milli mentalitetimizə, nə milli-mənəvi dəyərlərimizə, nə də mədəniyyətimizə uyğun gəlir. Şəxsən belə halları görəndə çox təəssüflənirəm. Unutmayaq ki, sosial şəbəkələr milyonlarla insanın izlədiyi açıq bir məkandır. Oradakı davranışlarımız – istər danışığımız, istər jestlərimiz, istər münasibətlərimiz – bizim ailəmizə, təhsil aldığımız müəssisəyə və ümumilikdə cəmiyyətə olan münasibətimizi əks etdirir.
Əgər insan sosial məkanda məsuliyyət hissini itirirsə, bu, təkcə onun şəxsi imicinə deyil, həm də bütövlükdə cəmiyyətin mənəvi mənzərəsinə təsir edir. Xalq arasında bir məsəlimiz var: “Utanmazsan, toyda oynamaqda nə var ki.” Bu məsəldəki məna odur ki, insan hər yerdə və hər bir vəziyyətdə ölçü hissini itirməməlidir. Sosial şəbəkələrdə davranış mədəniyyəti də eyni prinsiplə idarə olunmalıdır. Hər kəsin bir çevrəsi və ictimai təsir gücü var. İnsan paylaşım etməzdən əvvəl düşünməlidir: “Bu davranışım cəmiyyətə necə təsir edəcək? Kimlər bunu görəcək?”. Çünki sosial mediada yaşından asılı olmayaraq – uşaqlar da, gənclər də, orta və yaşlı nəsil nümayəndələri də var. Elə isə niyə biz öz davranışlarımızla örnək olmayaq? Niyə qınaq obyektinə çevrilək? Məncə, bu məsələdə yalnız gənclər deyil, biz – böyüklər də ciddi şəkildə düşünməliyik. Cəmiyyətin mənəvi siması, əslində, hər bir fərdin davranışında əks olunur. Bu məsuliyyətin ən vacib daşıyıcılarından biri, sözsüz ki, gənclərdir. Çünki biz gənclərimizi yüksək intellektə, yüksək mədəniyyətə və düzgün davranış qaydalarına malik fərdlər kimi görmək istəyirik.
Sosial şəbəkələrdə fəaliyyət göstərən gənclərin hamısı bizim sərvətimiz, gələcəyimiz və eyni zamanda övladlarımızdır. Biz, orta və yaşlı nəsil nümayəndələri olaraq, bəzən kənardakı gəncləri görməyə bilərik. Amma ən azından ailəmizdə, ətrafımızda olan gənclərlə maraqlanmalı, onlara öz təcrübə və nəsihətlərimizi çatdırmalıyıq. Bu, bizim mənəvi borcumuzdur. Biz – valideynlər, böyüklər, orta və yaşlı nəsil nümayəndələri, cəmiyyətin formalaşmasına təsir edən insanlarıq. Bunu etiraf etməkdən çəkinməməliyik. Hər bir fərdin davranış mədəniyyəti onun aldığı ailə tərbiyəsi, təhsil mühiti və mənəvi dəyərləri ilə formalaşır.
Cəmiyyətdə məsuliyyətsiz davranış sərgiləyən insanlara qarşı biz qınaqla deyil, nümunə ilə cavab verməliyik. Gəncləri qazanmağın və onları doğru istiqamətə yönəltməyin ən təsirli yolu, gözəl nümunələr göstərməkdir. Əgər biz öz davranışlarımız, danışığımız və ictimai münasibətlərimizlə müsbət örnək ola bilsək, o zaman gənclər də təbii şəkildə bizim sıralarımıza qoşulacaq, bizə inanacaq və bizdən öyrənəcək".