Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən istehlakçıların maraq və mənafelərinin mövcud qanunvericiliyə uyğun olaraq sahibkarlarla uzlaşdırılması məqsədilə biznes subyektləri ilə mütəmadi olaraq maarifləndirici görüşlər keçirilir. Dövlət Agentliyindən SİA-ya bildirilib ki, növbəti belə tədbir Qəbələ rayonunda ticarət, ictimai iaşə, məişət və digər növ xidmət sahələrində fəaliyyət göstərən 150-dən çox sahibkarlıq subyektinin nümayəndələri ilə keçirilib.
Qəbələ Rayon İcra Hakimiyyətinin dəstəyi ilə təşkil olunmuş tədbirdə agentliyin İstehlak bazarına nəzarət şöbəsinin müdiri Yusif Tapdıqlı və İstehlakçı hüquqlarının müdafiəsi şöbəsinin müdiri Elşən Cəfərov təqdimatla çıxış ediblər.
Təqdimat zamanı agentliyin fəaliyyət istiqamətləri, istehlak bazarına nəzarət mexanizmləri, istehlakçıların əsas hüquqları barədə geniş məlumat verilib. Həmçinin Agentlik tərəfindən aparılan geniş maarifləndirmə tədbirləri, mövcud problemlərin həlli istiqamətində atılan addımlar sahibkarların diqqətinə çatdırılıb.
Sahibkarlara istehlakçı hüquqlarının təmin edilməsi ilə bağlı qanunvericiliyin tələbləri izah olunub, fəaliyyətlərinin qanunvericiliyin tələblərinə uyğunlaşdırılması, müştəri məmnuniyyətinin təmin olunması istiqamətində tövsiyələr verilib və onları maraqlandıran suallar cavablandırılıb.