“Narkotik asılılıq, onun psixoloji səbəbləri və ali məktəbdə görülməli işlər” - FOTO

21 Oktyabr 2025 11:55 (UTC+04:00)

“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın Tədbirlər Planına əsasən, tələbələr arasında antinarkotik təbliğat işini gücləndirmək məqsədilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu və Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının birgə təşkilatçılığı ilə “Narkotik asılılıq, onun psixoloji səbəbləri və ali məktəbdə görülməli işlər” mövzusunda maarifləndirici tədbir keçirilib. Bu barədə SİA-ya Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupundan məlumat verilib.

Bildirilib ki, tədbirdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının rəhbərliyi, Dövlət Komissiyasının İşçi Qrupunun sektor müdiri, Quba Rayon Polis Şöbəsinin əməkdaşı və “Mentis” Psixoloji Nitq İnkişaf Mərkəzinin rəhbəri çıxış ediblər.

Çıxışlarda narkotik asılılığın qlobal miqyasda yaratdığı təhlükələr, gənclər arasında məlumatlılığın artırılmasının vacibliyi, eləcə də Dövlət Komissiyası tərəfindən bu istiqamətdə həyata keçirilən maarifləndirmə tədbirləri barədə ətraflı məlumat verilib.

Həmçinin narkotik vasitələrin fəsadları, yeni növ psixotrop maddələrin törətdiyi təhlükələr, asılılıqla mübarizədə təhsil müəssisələrinin və ailənin rolu diqqətə çatdırılıb.

Tədbir sual-cavab formatında davam edib.

Sonda Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotrop maddələr haqqında həqiqət” adlı yeni maarifləndirici materiallar tələbələrə təqdim olunub.