Kosmik müşahidə texnologiyaları ətraf mühitin monitorinqi, təbii resursların idarə edilməsi və ekoloji təhlükəsizliyin təmin olunması sahəsində yeni imkanlar açır. SİA xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Agentliyinin İdarə Heyətinin sədr müavini Şahin Ataşov “Kosmosdan gələn imkanlar: Kosmik müşahidəmizin sosial-iqtisadi inkişafa töhfəsinin 10 ili” adlı tədbirdə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, peyk təsvirləri və kosmik məlumatların istifadəsi meşə örtüyünün dəyişməsi, su hövzələrinin vəziyyəti və torpaq eroziyası kimi proseslərin izlənilməsində mühüm elmi baza yaradır.
“Ekoloji siyasətin formalaşdırılmasında dəqiq kosmik ölçmələrə əsaslanmaq, bizə təbii mühitdə baş verən dəyişiklikləri vaxtında aşkar etməyə və onların təsirini minimuma endirməyə imkan verir. Son illər ərzində kosmik məlumatlardan istifadə çirklənmə mənbələrinin müəyyənləşdirilməsi, torpaq və su resurslarının bərpası, eləcə də biomüxtəlifliyin qorunması istiqamətində aparılan layihələrin səmərəliliyini artırıb. Bu texnologiyalar bizə təkcə analiz deyil, həm də qabaqlayıcı tədbirlərin planlaşdırılmasında yeni imkanlar yaradır. Ətraf mühitin qorunması və ekoloji siyasətin reallaşdırılması baxımından kosmik monitorinq gələcəyin əsas alətinə çevrilir”, – deyə nazirlik rəsmisi vurğulayıb.