Uşaqlar niyə tez-tez xəstələnirlər? - AYDINLIQ GƏTİRİLDİ

21 Oktyabr 2025 11:17 (UTC+04:00)

"Uşaqların tez-tez xəstələnməsi valideynlər üçün həm narahatlıq, həm də sual doğuran bir mövzudur. Əslində isə bu çox vaxt normal və təbii bir prosesdir". Bu barədə SİA-ya açıqlamasında pediatr Elşən Tağıyev deyib.

Onun sözlərinə görə, uşaqların immun sistemi hələ tam formalaşmadığı üçün onların orqanizmi müxtəlif mikroblarla “tanış olma” mərhələsində olur: "Körpələr dünyaya gələndə immun sistemləri hələ tam yetkinləşmir. Onlar ilk altı ayda anadan keçən passiv immunitetlə qorunurlar, lakin bu qoruma tədricən azalır. Sonrakı illərdə uşaq müxtəlif virus və bakteriyalarla qarşılaşdıqca immun sistemi “öyrənir” və güclənir. Məhz bu səbəbdən 1–6 yaş arası uşaqların ildə 8–10 dəfə soyuqdəymə və ya virus infeksiyası keçirməsi normal hesab olunur.

Bağça və məktəbə başlayan uşaqlar çoxsaylı mikroblarla təmasda olurlar. Bu, onların immun sistemi üçün bir növ “təlim meydanı” sayılır. Uşaqların bir-biri ilə sıx ünsiyyətdə olması, oyuncaqları paylaşması, əlləri tez-tez ağızlarına aparması, eləcə də asqırma və öskürmə zamanı yaxın təmas mikrobların asan yayılmasına şərait yaradır.

Digər tərəfdən, uşaqlarda burun, boğaz və ağciyər strukturları hələ kiçik və həssas olur. Selikli qişalar tez qıcıqlanır və virusların daxil olmasına şərait yaradır. Bundan əlavə, bəzi viruslara qarşı immun yaddaş yalnız xəstəliyi keçirdikdən sonra yaranır. Yəni, uşaq hər dəfə fərqli bir virusla tanış olur və bu da onun müdafiə sisteminin təbii şəkildə möhkəmlənməsinə kömək edir.

Qidalanma və yuxu rejimi də uşağın immun sisteminə birbaşa təsir göstərir. Zəif qidalanma, az yuxu və stress müdafiə mexanizmini zəiflədir. İmmuniteti gücləndirmək üçün uşağın rasionunda dəmir, sink və D vitamini balansı qorunmalı, təzə meyvə-tərəvəzlə zəngin pəhriz saxlanmalı, kifayət qədər su qəbul edilməli və gecə 10–12 saat yuxu təmin olunmalıdır. Payız və qış aylarında uşaqlar daha çox qapalı məkanlarda vaxt keçirirlər, bu isə mikrobların daha asan yayılmasına gətirib çıxarır. Bəzi uşaqlarda allergiya və burun tıxanıqlığı infeksiyalara qarşı əlavə zəmin yaradır. Çünki burun nəfəsi pozulanda mikroblar orqanizmə daha asan daxil olur.

Uşaqların tez-tez xəstələnməsi hər zaman qorxu doğurmamalıdır. Lakin bəzi hallarda pediatra müraciət vacibdir. Əgər hər infeksiya ağır keçir, uşaqda çəki artımı zəifdir, uzunmüddətli öskürək, təkrarlayan qulaq və ya sinus iltihabları müşahidə olunur, yaxud qan analizlərində immun çatışmazlıq əlamətləri varsa, bu zaman həkimə müraciət edilməlidir. Belə hallarda həkim immun sistemin vəziyyətini dəyərləndirmək üçün əlavə müayinələr təyin edə bilər. Uşağın sağlam inkişafı üçün vaxtında həkim nəzarəti, düzgün qidalanma və gigiyenik vərdişlər böyük əhəmiyyət daşıyır".