Əməkdaşlıq regionda sabitliyi, tərəqqini və Türk dünyasının birliyini gücləndirir

21 Oktyabr 2025 10:23 (UTC+04:00)

Azərbaycan ilə Qazaxıstan arasında əlaqələr yalnız diplomatik protokollar və müqavilələrlə məhdudlaşmır; bu münasibətlər ortaq tarix, mədəniyyət, dil, din və mənəvi dəyərlər üzərində qurulub. Yüzillər boyu xalqlarımızı birləşdirən bu tellər, bu gün iki ölkə arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin möhkəm təməlini təşkil edir. Prezident İlham Əliyevin 18 oktyabr 2025-ci il tarixində “Kazinform” agentliyinə verdiyi müsahibə iki qardaş ölkə arasında əlaqələrin dərinliyini və strateji əhəmiyyətini bir daha nümayiş etdirdi.

Müsahibədə dövlət başçısı vurğuladı ki, Azərbaycan və Qazaxıstanı birləşdirən münasibətlər yalnız rəsmi diplomatiyadan ibarət deyil. Ortak türk kimliyi, tarixi qardaşlıq, oxşar mədəni ənənələr və mənəvi dəyərlər əməkdaşlığın əsasını təşkil edir. Son üç ildə Prezident İlham Əliyevin Qazaxıstana yeddinci, Prezident Kasım-Jomart Tokayevin isə altı dəfə Azərbaycana səfəri iki ölkə arasında dialoqun intensivliyini və qarşılıqlı etimadı göstərir.

İqtisadi əməkdaşlıq sahəsində konkret nəticələr nəzərə çarpır. 2025-ci ilin yanvar-avqust aylarında ticarət dövriyyəsi 547 milyon dollara çatıb. Orta Dəhliz (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu) və yeni logistika marşrutları Avropa ilə Asiyanı birləşdirən strateji tranzit xəttinin formalaşmasına xidmət edir. Azərbaycanın Qazaxıstana yatırdığı investisiya 225 milyon, Qazaxıstanın Azərbaycana yatırımı isə 136 milyon dolları ötüb ki, bu göstəricilər qarşılıqlı etimad və uzunmüddətli tərəfdaşlığın əyani nümunəsidir.

Enerji sahəsində əməkdaşlıq xüsusi strateji əhəmiyyət daşıyır. SOCAR və “KazMunayQaz” arasında Aktau–Ceyhan marşrutu üzrə imzalanmış saziş çərçivəsində ildə 1,5 milyon ton Qazaxıstan neftinin Azərbaycan ərazisi vasitəsilə tranziti nəzərdə tutulur. Bu, həm iqtisadi, həm də geosiyasi baxımdan mühüm hadisədir, Xəzər regionunda enerji marşrutlarının şaxələndirilməsini təmin edir və Qazaxıstan neftinin dünya bazarlarına çıxışı üçün yeni imkanlar yaradır. Paralel olaraq, Azərbaycanın bərpaolunan enerji sahəsindəki təşəbbüsləri, COP29 çərçivəsində imzalanan strateji tərəfdaşlıq sənədi Xəzər-Qara dəniz marşrutu ilə yaşıl elektrik ixracını reallaşdırmağı hədəfləyir.

Orta Dəhlizin səmərəliliyi və liman infrastrukturunun modernləşdirilməsi, yeni logistika mərkəzlərinin yaradılması, qatar parkının yenilənməsi Avropa-Asiya marşrutlarını daha da gücləndirir. Gəmiqayırma sahəsində tərəfdaşlıq, müasir gəmilərin istehsalı və texnoloji təchizatın müasirləşdirilməsi isə regional sənaye potensialını artırır.

Mədəni və humanitar əməkdaşlıq da davamlı xarakter daşıyır. Mədəniyyət Günləri, sərgilər və konfranslar xalqlar arasında mənəvi yaxınlığı gücləndirir. Füzulidə Qazaxıstanın dəstəyi ilə inşa edilən Kurmanqazı adına Uşaq İncəsənət Mərkəzi bu qardaşlığın və ortaq dəyərlərin simvolu kimi təqdim edilir. Birinci Türkoloji Qurultayın 100 illiyinin TDT çərçivəsində qeyd olunması isə Türk dünyasının siyasi və mənəvi birliyinə sadiqliyi göstərir.

Xəzər dənizinin ekoloji vəziyyəti də Prezident İlham Əliyevin müsahibəsində diqqət çəkən mühüm mövzulardan biri olub. Suyun səviyyəsinin azalması yalnız ekoloji deyil, həm də iqtisadi və sosial risklər yaradır. Dövlət başçısı bütün Xəzəryanı ölkələri birgə fəaliyyətə çağıraraq biomüxtəlifliyin qorunması və ekosistemin bərpası üçün koordinasiyalı tədbirlərin vacibliyini vurğulayıb.

Enerji, nəqliyyat, sənaye və mədəniyyət sahələrində imzalanan çoxsaylı sazişlər iki ölkə arasında etimada, qarşılıqlı hörmətə və strateji tərəfdaşlığa əsaslanan əlaqələrin göstəricisidir. Bu münasibətlər yalnız ikitərəfli maraqlara deyil, eyni zamanda Türk dünyasının birliyinə və Avrasiya regionunun sabitliyinə xidmət edir. Prezident İlham Əliyevin Qazaxıstana planlaşdırılan səfəri isə bu münasibətləri daha da dərinləşdirəcək.

Beləliklə, Azərbaycan-Qazaxıstan əlaqələri siyasi, iqtisadi, mədəni və ekoloji sahələrdə sarsılmaz birliyin, qarşılıqlı etimadın və strateji tərəfdaşlığın nümunəsi kimi regionda sabitlik və Türk dünyasının inteqrasiyası üçün güclü təməl rolunu oynayır.

Namiq Əhmədov

YAP Xəzər rayon təşkilatının sədri