“815” Çağrı Mərkəzinə 9 ay ərzində 110 mindən çox zəng daxil olub - TƏBİB

21 Oktyabr 2025 09:56 (UTC+04:00)

Cari ilin yanvar-sentyabr ayları ərzində TƏBİB-in “815” Çağrı Mərkəzinə ümumilikdə 113 610 zəng daxil olub. Bu barədə SİA-ya TƏBİB-dən məlumat verilib.

Müraciətlərdən 110 527 zəng müvafiq olaraq dərhal cavablandırılıb, 3 083 müraciət isə Çağrı xidməti tərəfindən araşdırılması üçün qəbul edilib. 1 413 müraciətlə bağlı vətəndaşlara müvafiq izahatlar verilib, 1 392 müraciətlə bağlı məsələ həll edilib, 278 müraciət isə elektron sənəd dövriyyəsi üzərindən rəsmiləşdirilərək aidiyyəti üzrə yönləndirilib.

Daxil olan müraciətlərin mövzusu, əsasən, müayinə və müalicənin təşkili, əlillik məsələləri, dərman təminatı, tibbi heyət və tibbi xidmətdən şikayət, kadr məsələləri, tibbi arayış və sənədlərin verilməsi ilə bağlı olub.

Qeyd edək ki, TƏBİB-in “815” Çağrı Mərkəzi 2022-ci ilin dekabr ayında fəaliyyətə başlayıb. Mərkəzin yaradılmasında əsas məqsəd daxil olan müraciətlərin çevik cavablandırılması, aidiyyəti üzrə yönləndirilməsi və ən əsası, vətəndaş məmnunluğunun təmin edilməsidir.

Vətəndaşlar TƏBİB-in Çağrı Mərkəzi ilə əlaqə saxlamaqla yanaşı, yazılı müraciətləri birbaşa quruma təqdim edə, qurumun rəsmi internet səhifəsi (https://tabib.gov.az/vetendashlar-ucun/elektron-muraciet), eləcə də [email protected] elektron poçt ünvanı üzərindən onlayn şəkildə müraciətlərini ünvanlaya bilərlər.