"Son iki həftə ərzində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bir-birindən mühüm və qlobal əhəmiyyət daşıyan dörd beynəlxalq zirvə görüşündə iştirak edib. Bu görüşlərdə dünyanın aparıcı dövlətlərinin rəhbərləri, nüfuzlu siyasi fiqurları, beynəlxalq təşkilatların başçıları yer alıb". Bu sözləri SİA-ya açıqlamasında deputat Musa Quliyev deyib.
Onun sözlərinə görə, bu mötəbər platformalarda cənab Prezident İlham Əliyevin iştirakı və mövqeyi xüsusi diqqət çəkib, beynəlxalq ictimaiyyət tərəfindən böyük maraqla izlənilib:
"Dövlət başçımızın çıxışları, qlobal çağırışlara dair prinsipial və rasional yanaşmaları, regional təhlükəsizlik, enerji təhlükəsizliyi, nəqliyyat-kommunikasiya dəhlizləri və beynəlxalq əməkdaşlıq məsələlərində irəli sürdüyü təşəbbüslər bir daha sübut etdi ki, cənab İlham Əliyev bu gün dünyanın taleyini müəyyən edən liderlər sırasında layiqli yer tutur. Cənab Prezidentin dünya siyasətindəki nüfuzu təkcə onun diplomatik fəaliyyəti ilə deyil, həm də Azərbaycanın son illərdə qazandığı möhtəşəm uğurlarla birbaşa bağlıdır. Xüsusilə 2020-ci ilin payızında – 44 günlük Vətən müharibəsində əldə edilən tarixi Zəfər, Azərbaycanın ərazi bütövlüyünün bərpası, xalqımızın milli qürurunun yüksəlməsi və regional güc balansının dəyişməsi Prezident İlham Əliyevin qətiyyətli liderliyinin nəticəsidir. Bu qələbə təkcə hərbi və siyasi deyil, eyni zamanda mənəvi üstünlüyün təcəssümüdür. Azərbaycan bu zəfərlə təkcə regionda deyil, bütün dünyada söz sahibinə çevrildi.
Bu gün Azərbaycan Prezidentinin beynəlxalq tədbirlərdə xüsusi qonaq statusu ilə dəvət olunması, onunla yanaşı, ölkəmizin qlobal proseslərdə oynadığı rolun artması bunun bariz nümunəsidir. Məsələn, 2025-ci ilin avqustun 8-də ABŞ-ın paytaxtı Vaşinqtonda Azərbaycan və Ermənistan rəhbərlərinin iştirakı ilə keçirilən görüş dünya ictimaiyyətinin diqqət mərkəzində oldu. Bu görüş təkcə iki ölkə arasında deyil, ümumilikdə Cənubi Qafqaz regionunun gələcəyinə yönəlmiş mühüm diplomatik təşəbbüs kimi dəyərləndirildi. Görüş zamanı ABŞ Prezidenti Donald Trampın cənab Prezident İlham Əliyevə göstərdiyi xüsusi diqqət və ehtiram, onunla səmimi və konstruktiv münasibəti bir daha sübut etdi ki, Azərbaycan lideri dünya gücləri tərəfindən hörmət və etimadla qarşılanır.
Eyni zamanda Çin Xalq Respublikasının Prezidenti Si Cinpinin Prezident İlham Əliyevə qarşı sərgilədiyi müsbət münasibət, strateji tərəfdaşlıq prinsiplərinə əsaslanan ikitərəfli münasibətlərin inkişafı da diqqətəlayiqdir. Bu münasibətlər yalnız iqtisadi əməkdaşlıqla məhdudlaşmır, həm də siyasi dialoq və qarşılıqlı etimada əsaslanır.
Bütün bu faktlar onu göstərir ki, Prezident İlham Əliyev təkcə Azərbaycanın maraqlarını qətiyyətlə müdafiə edən lider deyil, həm də qlobal və regional sülhə, əməkdaşlığa, sabitliyə töhfə verən nüfuzlu siyasi xadimdir. Onun strateji baxışları və uzaqgörən siyasəti nəticəsində Azərbaycan bu gün beynəlxalq arenada etibarlı tərəfdaş, sabitlik adası və gələcəyə inamla irəliləyən müasir dövlət kimi tanınır".