Siyasət aləmində uğur qazanmaq, nailiyyət əldə etmək heç də hər kəsə nəsib olmur. Yetkin, dərin elmi-siyasi biliklərə malik uzaqgörən şəxslər siyasətdə uğur qazana, xalqın qəlbində özünə rəğbət yarada bilər. Birmənalı şəkildə demək olar ki, Azərbaycanda belə xarakterə və xüsusiyyətlərə malik yeganə siyasətçi yalnız və yalnız Prezident İlham Əliyevdir. Prezident İlham Əliyev milli və vətənpərvərlik ruhuna malik şəxsiyyətdir, mənəvi dəyərlərə, adət -ənənələrimizə bağlıdır, dünənə hörmət, bu gününə rəğbət, gələcəyin hədəflərini müəyyənləşdirib, onların həyata keçirilməsinə çalışmaq Onun həyat amalıdır, siyasi bilik və bacarığına görə O, fenomen liderdir. Ən kritik anlarda, çətin məqamlarda səbir nümayiş etdirən, dözümlü olmaq, dövlətin mənafeyini, xalqın maraqlarını hər şeydən üstün tutmaq Prezident İlham Əliyevin fəaliyyət istiqamətlərindəndir. Məhz bu cür müsbət, uğurlu keyfiyyətlərinə görə Prezident İlham Əliyev dünya siyasət nəhəngləri arasında ən sayılan-seçilən liderlərdən hesab olunur. Dünyanın bir nömrəli dövlətinin bir nömrəli lideri olan ABŞ prezidenti Donald Tramp fəxrlə "Azərbaycan Prezidenti İlham Əliyev mənim dostumdur", - deyə bildirir. Beynəlxalq aləmdə sülh gündəliyi yazan lider kimi Prezident İlham Əliyev Misirdə Qəzza ilə bağlı keçirilən sülh sammitinə dəvət olunan 20 ölkə liderindən bir idi. Bu, qürur yaradan haldır. Çünki Azərbaycanın üçrəngli bayrağı Misirdə 20 ölkənin bayraqları sırasında dalğalandı. Təbii ki, buna görə Prezident İlham Əliyevə minnətdarıq. Onun düzgün, ağıllı, uzaqgörən siyasəti ölkəmizə onlarla dövlətin həsəd apara biləcəyi nailiyyət qazandırıb.
Dünya siyasi arenasında böyük hörmət sahibi olan Prezident İlham Əliyev ölkə vətəndaşlarının, dünya azərbaycanlılarının ən dəyərli, hörmətli şəxsiyyəti olaraq qəbul edilir. Ona görə yox ki Prezident İlham Əliyev ölkəmizə sosial, iqtisadi sahədə nailiyyətlər qazandırmaqla yanaşı, 44 günlük Vətən Müharibəsi ilə 30 il erməni işğalı altında olmuş torpaqlarımızı azad etməklə xalqımıza qürur yaşatdı, dövlətimizin gücünə yeni güc əlavə etdi, həm də Cənab İlham Əliyev hələ gənclik illərindən dövlət siyasətini tam şəkildə mənimsəmiş, Azərbaycan maraqlarını hər şeydən üstün tutaraq yorulmadan çalışmışdır. Prezident İlham Əliyevin 1990-cı il yanvarın 21-də Ümummilli Lider Heydər Əliyevlə birlikdə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək sovet ordusunun Bakıda törətdiyi qanlı qırğına sərt münasibətini bildirdi. Hansı ki, o ağır, çətin dönəmlərdə belə bir addım atmaq, Qorbaçovu və onun Bakıdakı əlaltılarını tənqid etmək olduqca təhlükəli görünürdü. Buna baxmayaraq, Cənab İlham Əliyev özünün və doğmalarının həyatı üçün ciddi təhlükələrin yarana biləcəyindən qorxmayaraq Azərbaycan milləti və xalqı üçün böyük fədakarlıq göstərdi, cəsarət nümunəsi ortaya qoydu.
Siyasi irsə xəyanət bağışlanmaz cinayətdir
2003-cü il Prezident seçkilərində Cənab İlham Əliyevin xalqın dəstəyi ilə Prezident seçilməsindən sonra həyata keçirilən uğurlu siyasət onu təsdiqlədi ki, xalq seçimində yanılmayıb, həqiqətən də Prezident İlham Əliyev seçki ərəfəsi verdiyi bütün vədlərini yerinə yetirməklə, xalq və dövlət üçün gördüyü xeyirli, gərəkli işləri ilə fenomen şəxsiyyətdir. Prezident İlham Əliyev zəhmət çəkən, əmək sərf edən hər bir ölkə vətəndaşına diqqət göstərməsi, onları qiymətləndirməsi ilə də özünə dərin hörmət qazandırıb. Ən ucqar kənd və qəsəbələrdə yaşayan və çalışdığı sahədə uğurlara imza atan neçə-neçə sadə vətəndaşımız Prezident İlham Əliyevin Sərəncamı ilə orden və medallarla təltif olunub. Prezident İlham Əliyev dövlətin və xalqın maraqları uğrunda cəsarətlə mübarizə aparan ictimai-siyasi xadimlərin, nüfuzlu şəxsiyyətlərin fəaliyyətini yüksək qiymətləndirib, onlara rəğbətini nümayiş etdirib, vəzifələrə irəli çəkməklə etimad göstərib. Prezident İlham Əliyev O Şəxsiyyətdir ki, Ulu Öndər Heydər Əliyevin komandasında təmsil olunmuş şəxslərə də həmişə hörmətlə yanaşıb. Faktlara istinad etməklə qeyd etmək olar ki, Prezident İlham Əliyev Ulu Öndərin komandasının üzvlərinin böyük bir qismi ilə siyasi hakimiyyətini davam etdirib, onların uzun illər iqtidarda təmsil olunmasına şərait yaradıb. Zamanı çatanda isə bu şəxslər yüksək dövlət təltifləri ilə mükafatlandırılaraq, hörmətlə təqaüdə yola salınıblar. Məsələn, sabiq baş nazir Artur Rasizadə "İstiqlal", "Şöhrət", "Şərəf" ordenləri ilə təltif olunub. O, təqaüddə olduğu dövrdə belə Prezident İlham Əliyev Artur Rasizadəni, onun xidmətlərini unutmayıb, Azərbaycan dövlətinə sadiqliyini dövlətin ən ali ordeni ilə qiymətləndirib və ona "Heydər Əliyev" ordenini şəxsən özü təqdim edib, sabiq baş naziri Ulu Öndərin və özünün sadiq dostu kimi yüksək dəyərləndirib. Eynilə, baş nazirin müavinləri Elçin Əfəndiyev, Abid Şərifov, Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov və digər məmurlar da diqqətdən kənarda qalmayıblar, dövlətin ali mükafatları ilə təltif edilərək, təqaüdə yola salınıblar.
Təbii ki, idarəetmənin həyata keçirilməsində qüsurlar, çatışmazlıqlar ola bilər. Bu da təbiidir. Ən azı iş olan yerdə problemlər də ola bilər. Əgər dövlətə təhlükə yaratmırsa, cəmiyyətin mənafelərini tapdalamırsa, onları bağışlamaq, üzərindən keçmək, güzəşt etmək olar və bəzi məqamlarda dövlət başçısı bunu da edib. Prezident İlham Əliyevin 22 illik Prezidentlik fəaliyyətinə əsasən demək olar ki, Onun üçün əsas prinsip dövlətə, dövlətçiliyə sədaqətlə xidmət, siyasi irsə hörmət göstərməkdir. Təəssüflər olsun ki, bu prinsiplərə əməl etməyən, xəyanət yolu tutan keçmiş vəzifə mənsubları var. Hansı ki, onlara zamanında etimad göstərilib, siyasi hakimiyyətdə komanda üzvü olmalarına şərait yaradılıb. Vəzifədən getdikdən sonra isə siyasi irsə xəyanət yolu tuturlar.
Bunların arasında dövlətə külli miqdarda ziyan vuran, onun siyasi və iqtisadi əsaslarına təhdid yaradan, müxtəlif dövlət çevrilişi ssenarilərində yer alan nankor və xəyanətkar məmurlar, siyasətçilər olub. Azərbaycan siyasi hakimiyyəti və xüsusi xidmət orqanları son 22 ildə bir neçə dəfə dövlət çevrilişinə cəhdi, hakimiyyətin zorla ələ keçirilməsi üçün hazırlanmış planları ifşa ediblər. Müxtəlif vaxtlarda bütün siyasi taleyi üçün Ulu Öndərə və Prezident İlham Əliyevə minnətdar olmalı olan bəzi məmurların özgə qapılarından ümid dilənməyinin şahidi olmuşuq. Məsələn, Baş nazirin sabiq birinci müavini Abbas Abbasov bu siyahının "parlaq" nümayəndələrindən hesab oluna bilər. O da eynilə, 2006-cı ildə vəzifəsindən azad edildi və "İstiqlal" ordeni ilə təltif edilərək, hörmətlə yola salındı. Düşünmək olardı ki, bundan sonra o, akademik fəaliyyətlə, bizneslə məşğul ola, yaxud ailə mühitində nəvə-nəticələrinə babalıq edə bilər. Amma Abbas Abbasov hakimiyyət eşqinə düşdü və başqa paytaxtlarda nicat axtarmağa başladı.
Abbas Abbasovu peşka rolunda çıxış etməyə nə vadar edib?
2013-cü ildə Azərbaycanda dövlət çevrilişinə cəhd planlarını xatırlamaq yerinə düşər. Həmin vaxt Rusiyada "Milyarderlər ittifaqı" quruldu, azərbaycanlı iş adamları bu ittifaqa cəlb edildi, onların Azərbaycanın siyasi müxalifəti ilə əlaqələri formalaşdırıldı. Bu prosesdən bir qədər əvvəl "Ziyalılar Forumu" yaradılsa da, az sonra orada toplaşan ziyalılardan bəziləri məsələnin mahiyyətini anladılar. Məqsədini "cəmiyyətin problemlərinin müzakirəsi" elan edən Ziyalılar Forumunun bəzi üzvlərinin siyasi bəyanatlar səsləndirməsi digərlərinin bu klubdan uzaqlaşmasına səbəb oldu. Bunun ardınca isə həmin "ziyalılardan" bir qisminin və radikal müxalifətin toplaşdığı "Milli Şura" adlı rusiyapərəst birlik formalaşdı. Prezident seçkilərindən sonra bu şuranın Rusiya prezidentinə məktubu da mediada yayıldı. Bütün bu prosesdə Rüstəm İbrahimbəyov irəli verilib, "Milli Şura"nın vahid namizədi elan olunsa da, hamıya aydın idi ki, dirijorun solo çıxış üçün müəyyənləşdirdiyi şəxs məhz Abbas Abbasovdur. Abbas Abbasov həmin vaxt nəinki Azərbaycanın daxilindəki köhnə tanışlarından istifadə edir, Rusiyada onunla eyni siyasi mövqedən çıxış etməyən diplomatlara, iş adamlarına və diaspora üzvlərinə qarşı repressiv cəzalar tətbiq etdirirdi. Yeri gəlmişkən, həmin vaxt xaricdə çalışan bəzi diplomatlarımız Abbas Abbasovun Rusiya bazarlarına qədər gedib, oradakı azərbaycanlıları belə bu prosesə qoşmaq istəməsi barədə açıqlamalar verirdilər. Bu açıqlamalardan sonra Ramiz Mehdiyev onların media çıxışlarına qadağa tətbiq etmişdi, Elmar Məmmədyarov isə diplomatları XİN sistemindən uzaqlaşdırmışdı.
Avantüra alınmadı
Həmin dövrdə bu planlar baş tutmadı, xalqımız şimaldan əsən avantüra küləyinə aldanmadı, siyasi dəllallara dəstək vermədi. Seçkilərdə xalq öz sözünü dedi və Ulu Öndər Heydər Əliyevin siyasətinin davam etdirilməsinə səs verdi. Bundan sonra Abbas Abbasov müəyyən dövr itdi, efirdə görünmədi. Sonra aydın oldu ki, o, milyarder Telman İsmayılovun yanında işə düzəlib. İşinin mahiyyəti isə İsmayılovun qonaqlarını qarşılamaq və yola salmaq idi, bu isə vəzifə deyil, birbaşa lakeylik idi, Telman İsmayılovun yavəri olmaq demək idi. Yəni Azərbaycan kimi böyük, qüdrətli dövlətin Baş nazirinin birinci müavini olmuş şəxs, özünü alçaldılmış vəziyyətə saldı. Niyə, səbəb nədir? Təbii ki, peşkalıq etməyinin təməlində müəyyən şəxslər vasitəsi ilə Rusiya hakimiyyət orqanlarından siyasi dəstək almaq istəyi dayanıb. Lakin istəyi baş tutmadı. Az sonra Telman İsmayılov da ondan imtina etdi və nəticədə ortada qaldı. Bu isə ona vurulan ən böyük zərbə idi. Çünki ortada qalmaq çox pis bir şeydir. Rüsvayçı vəziyyətə düşməsinə görə də utandığından Azərbaycana gələ bilmir. Hətta erməniəsilli qayınanası ölən zaman Gəncədə onu fitə basa biləcəklərindən ehtiyat etdiyi üçün dəfnə gələ bilmədi.
"Bir dəfə satan həmişə satar!"
Belə naqislik edən, xəyanət yolu tutanların siyahısını bir qədər də genişləndirmək olar. Uzağa getmədən onlardan biri də Ramiz Mehdiyev olduğunu söyləmək mümkündür. Daha doğrusu, hazırda yaşananlar onu təsdiq edir ki, dövlətə xəyanət edən, siyasi irsinə dönük çıxan əsas satqınların önündə elə Ramiz Mehdiyev dayanır. Sirr deyil və Azərbaycan ictimaiyyəti də yaxşı bilir ki, Mehdiyevin və onun yaxın ətrafının fəaliyyəti Azərbaycana çox ziyan vurub. Bütün siyasi karyerasını, siyasi varlığını Ulu Öndər Heydər Əliyevə borclu olan bu bürokrat hələ 1980-ci illərdə Ulu Öndərin Azərbaycandan Moskvaya getməsini və orada ermənilərin Azərbaycan üçün yaratdığı problemlərlə mübarizə aparmasını fürsət bilərək, ona yaxınlığı, sədaqəti ilə seçilən şəxsləri Bakıdan uzaqlaşdırıb əyalətlərə göndərirdi. Ulu Öndər Heydər Əliyev yenidən siyasi hakimiyyətə qayıtdıqdan sonra fuşesayağı riyakar üzünü geyinən Mehdiyev yenə yazıq görkəmdə onun qarşısında dayanıb, məzlum-məzlum əfv dilədi. Amma "bir dəfə satan həmişə satar!"
Məlum faktdır ki, hələ Ulu Öndərimiz Heydər Əliyevin hakimiyyəti dövründə bir sıra KİV-lər Ramiz Mehdiyevin satqın və xəyanət yolu tutan şəxs olduğunu mövcud faktlarla qeyd edirdi. Yazılırdı ki, o, bir sıra şəxsləri ətrafına yığaraq, hakimiyyət sevdası barədə müzakirə aparır. Həmin vaxt Ramiz Mehdiyev ona biət edənlərin bir qismini qurban verərək, sudan quru çıxa bildi. Ramiz Mehdiyev əlinə düşən hər fürsətdə hakimiyyət daxilində gücünü göstərmək, ona biət etməyənlərə qarşı şər torbası toxumaq şakərindən heç vaxt vaz keçmədi.
Ətrafına yığdığı deputatlar, elm adamları vasitəsilə özünü "ideoloq", "siyasətçi", "dövlət adamı", "filosof" kimi təqdim etməyə çalışsa da, Ramiz Mehdiyev heç vaxt buna nail ola bilmədi. O, sadəcə icraçı, bürokrat, kitablarını 3-5 alimə yazdıran kopyabaz, Makiavellidən əzbərlədiyi 3-4 cümlə ilə göz boyamağa çalışan diletant, Rusiyadan gələn zənglərlə özünü xoşbəxt hiss edən emissar idi. Ramiz Mehdiyev həmişə kiçik intriqalardan, tələlərdən, dedi-qodudan, şantajdan və böhtandan istifadə edən məmur olub. O özünün və şəbəkəsinin lazımlılığını göstərmək üçün daim radikal siyasi müxalifəti ayaqda saxlamağa çalışıb, Ulu Öndər və Prezident İlham Əliyev haqqında müxalifət mətbuatında iyrənc yazılar sifariş edib. Ramiz Mehdiyev müxalifətin 2003-cü ildən sonra dağılmış parçalarını zorla bir yerə toplayaraq, varlığına şərait yaradıb. Ramiz Mehdiyev özünün nəzarətində olan bu müxalifətçilərdən zaman -zaman "deputat", media rəhbəri, QHT sədri hazırlamaqla, "iş görən", müxalifəti zərərsizləşdirən" məmur obrazı formalaşdırıb.
Mövcud faktlara istinadən qeyd etmək olar ki, 2017-2018-ci illərdə isə Ramiz Mehdiyevin oyunları müntəzəm xarakter almağa başladı. Qarşıda böyük hədəf-Azərbaycan torpaqlarının işğaldan azad edilməsi və suverenliyin bərpası prosesi var idi. Bu prosesi indiyə qədər dözüm göstərilən rusiyapərəstlərlə görmək mümkün deyildi. Ancaq bu dəfə onun hiyləgər və naqis fəaliyyəti nəticə vermədi. Nəhayət, Prezident İlham Əliyev öz xarakterinə və siyasi prinsiplərinə sadiq qalaraq, Ramiz Mehdiyevi 2019-cu ildə hörmətlə Prezident Administrasiyasının rəhbəri vəzifəsindən yola saldı. Prezident Administrasiyasının rəhbəri olduğu dövrdə yaratdığı bütün problemlərə və etdiyi naqisliyə baxmayaraq, ona qoca yaşında bir daha şans verildi və AMEA Prezidenti vəzifəsi həvalə olundu. Ulu Öndərə Heydər Əliyev komandasında mühüm postlardan birini tutduğu nəzərə alındı və düşünüldü ki, ahıl yaşında ömrünün sonunu rahat yaşayar. Lakin bu dəfə də xislətinə uyun fəaliyyət yolu tutdu. Fəaliyyəti ilə elm ocağını rüşvət və intriqa yuvasına çevirdi. Ramiz Mehdiyev 2019-cu ildə AMEA-a gələndə Prezident Administrasiyasındakı köməkçilərindən olan Eldar Əmirovu da (Ramiz Mehdiyevin bəzi əsərlərinin, məqalələrinin müəllifi olduğu deyilir) AMEA-ya apardı. Onu, AMEA Prezidentinin Katibliyinin rəisi təyin etdi. Halbuki, AMEA Nizamnaməsində belə struktur nəzərdə tutulmamışdı. Ramiz Mehdiyev dərhal özü üçün belə bir "katiblik" yaratdı və AMEA-da siyasi fəaliyyətə başlayıb, qurumun saytını siyasi bəyanatların yayıldığı mənbəyə çevirdi.
Satqınlar bir şeyi unudublar...
Təbii ki, R.Mehdiyevin AMEA-da qurduğu rüsvayçı durum uzun müddət davam edə bilməzdi. Belə də oldu. Bütün AMEA institutları onun istefasını tələb etdilər və o, 2022-ci ildə AMEA prezidentliyindən istefa verməli oldu. Ramiz Mehdiyev vəzifəsindən uzaqlaşdırılsa da, AMEA-dan uzaqlaşmırdı. 2022-ci il fevralın 22-də AMEA-nın Ümumi Yığıncağında istefası qəbul edilən Ramiz Mehdiyevin martın 17-də Akademiyada olduğu haqda məlumat yayıldı. AMEA-dan verilən açıqlamada onun binaya şəxsi əşyalarını götürmək üçün gəldiyi bildirilmişdi. Ancaq sonra məlum oldu ki, Ramiz Mehdiyev Akademiyada, məhz Akademiya Prezidentinin otağında Rusiyadan gələn nümayəndələrlə - Rusiya Elmlər Akademiyasının prezidentinin köməkçisi ilə görüş keçirib. Heç bir rəsmi statusu olmadan R.Mehdiyev Rusiyadan gələn xüsusi xidmət orqanlarının elçiləri ilə nəyi müzakirə edib? Söz yox ki, şifrəli söhbətlər aparılıb, təlimatlar bir daha dəqiqləşdirilib. Sonradan onun Novxanıdakı bağ evi də "komanda " üzvlərinin iştiraklı ilə görüşlərin keçirildiyi əsas məkan olub. Bu görüşlərdə əsas məkrli məqsəd ölkəmizdə sabitliyi pozmaq və dövlət çevrilişi həyata keçirmək. Hətta satqın və xəyanət yolu tutan qrupun üzvləri ilə dövlət çevrilişindən sonra hakimiyyət bölgüsünü də müzakirə edib, qərar qəbul etmişdilər. Hesab olunmuşdur ki, dövlət çevrilişindən sonra Dövlət Şurası yaradılacaq və o, şuranın sədri olacaq. Bu cür separatçı müzakirələr və razılaşmaların əldə olunması erməni dəyirmanına su tökməkdir. Həm də Ermənistanla gözlənilən sülh müqaviləsinin imzalanması ərəfəsində belə bir məkrli planın hazırlanması onu təsdiq edir ki, Rusiya xüsusi xidmət orqanları R.Mehdiyevə ciddi şəkildə təlimat verib. O da qrupunun üzvləri ilə planın yerinə yetirilməsi üçün hazırlıqlara başlayıb. Lakin onu nəzərdən qaçırmışdılar ki, artıq Azərbaycan ötən əsrin 90-cı illərindəki Azərbaycan deyil. Qısa müddətdə R.Mehdiyev və qrupunun üzvləri hüquq-mühafizə orqanları tərəfindən ifşa olundular.
Unutmaq olmaz ki, Azərbaycan xalqı Ulu Öndər Heydər Əliyev siyasətinə sadiqdir, həm də Prezident İlham Əliyevin fəaliyyətindən, apardığı daxili və xarici siyasətindən razıdır, sıx şəkildə Prezidentimizin ətrafında birləşiblər. Ona görə də, Ramiz Mehdiyev, Abbas Abbasov və digərlərinin Azərbaycanla bağlı xəyalları puç olacaq, arzuları ürəklərində qalacaq.
İLHAM ƏLİYEV