Azərbaycan xalqı humanitar böhranın nə demək olduğunu öz təcrübəsində yaşayıb - Sahibə Qafarova

20 Oktyabr 2025 17:18 (UTC+04:00)

Azərbaycan xalqı humanitar böhranın nə demək olduğunu öz təcrübəsində yaşayıb. SİA xəbər verir ki, bu fikri Milli Məclisin sədri Sahibə Qafarova İsveçrənin Cenevrə şəhərində Parlamentlərarası İttifaqın 151-ci Assambleyasında keçirilən “Böhran zamanı humanitar normaların qorunması və humanitar fəaliyyətin dəstəklənməsi” mövzusunda müzakirələrdə çıxışı zamanı səsləndirib.

Onun sözlərinə görə, hələ 1990-cı illərin əvvəllərində Ermənistan-Azərbaycan münaqişəsi nəticəsində bir milyona yaxın azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilib. O dövrdə 8 milyonluq xalq üçün bu, böyük faciə idi. Davamlı milli səylər və beynəlxalq tərəfdaşların dəstəyi ilə Azərbaycan köçkün əhalisinin təcili ehtiyaclarını ödəyə bildi. 2020-ci ildə ölkəmiz öz ərazi bütövlüyünü bərpa etdikdən sonra işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı yenidənqurma və reabilitasiya layihələrinə başlayıb.

Milli Məclisin sədri deyib ki, artıq qayıdış prosesi başlayıb və bu gün əlli mindən çox insan yenidən orada yaşayır, işləyir və oxuyur. Bu, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin güclü siyasi iradəsinin və humanitar fəaliyyətə sadiqliyinin sübutudur.