Azərbaycan-Qazaxıstan əlaqələri qarşılıqlı hörmət və etimad əsasında qurulub

19 Oktyabr 2025 22:54 (UTC+04:00)

“Azərbaycanla Qazaxıstan arasında münasibətlərin əsasını tarixi, mədəni və dini ortaqlıqlar, o cümlədən ənənəvi dostluq və qardaşlıq əlaqələri təşkil edir. Ali səviyyədə təşəkkül tapmış qarşılıqlı hörmət və etimada əsaslanan fəal siyasi dialoq iki ölkə arasında bütün sahələrdə yaxın işbirliyini şərtləndirən və ciddi nailiyyətlərin əldə olunmasını təşviq edən aparıcı faktor kimi çıxış etməkdədir. İki ölkə arasında diplomatik münasibətlər 30 avqust 1992-ci ildə qurulub. 1993-cü ildə Qazaxıstanın Azərbaycanda, 2004-cü ildə isə Azərbaycanın Qazaxıstanda səfirliyi, həmçinin 2008-ci ildən Aktau şəhərində Baş konsulluğu fəaliyyətə başlayıb”. Bunu açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

Millət vəkili iki ölkə arasında mövcud münasibətlərin strateji tərəfdaşlıq və müttəfiqlik xarakterli olduğunu bildirib: “İqtisadiyyat, ticarət, investisiyalar, enerji təhlükəsizliyi, nəqliyyat və kommunikasiyalar istiqamətləri üzrə ikitərəfli tərəfdaşlıqla yanaşı, regional və beynəlxalq platformalarda, xüsusilə Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlıq böyük potensial və geniş perspektivlərə malikdir. Azərbaycanın sıx, tarixi əlaqələrə malik olduğu Türk dövlətlərindən biri də Qazaxıstandır. Azərbaycan və Qazaxıstan prezidentlərinin son illər qarşılıqlı yüksək səviyyəli səfərləri ikitərəfli münasibətlərə müsbət təsirini göstərib. Növbəti belə yüksəksəviyyəli səfər oktyabrın 20-21-də baş tutub. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin dəvəti ilə Azərbaycan Prezidenti İlham Əliyev Astanaya rəsmi dövlət səfərinə gəlib. Səfər ərəfəsində Prezident İlham Əliyev “Kazinform”a eksklüziv müsahibəsində iki ölkə arasında siyasi dialoqun yüksək səviyyəsindən, nəqliyyat, logistika, neft-qaz sahələrində əməkdaşlığın sürətli inkişafından, həmçinin yaşıl enerji sahəsində birgə işin perspektivlərindən və Türk Dövlətləri Təşkilatı çərçivəsində təşəbbüslərdən bəhs edib”.