Ümumdünya Statistika Günü ilə bağlı mətbuat konfransı və mükafatlandırılma mərasimi keçirilib - YENİLƏNİB/FOTOLAR

20 Oktyabr 2025 16:01 (UTC+04:00)

Oktyabrın 20-də Dövlət Statistika Komitəsində Ümumdünya Statistika Günü ilə bağlı mətbuat konfransı və statistik olimpiadanın qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. SİA xəbər verir ki, Dövlət Statistika Komitəsinin əməkdaşları əvvəlcə Fəxri xiyabana gələrək müstəqil Azərbaycanın banisi, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin əziz xatirəsini yad edib, məzarı önünə əklil qoyublar. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb. Sonra Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsi yad edilib.

Tədbirdən öncə Ulu Öndər Heydər Əliyevin Komitənin foyesində ucaldılan büstü ziyarət olunub, önünə gül dəstələri düzülüb.

Tədbiri giriş sözü ilə açan Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov bildirib ki, Azərbaycanın da həmmüəllif kimi qoşulduğu BMT Baş Assambleyasının 2015-ci il 3 iyun tarixli Qətnaməsinə uyğun olaraq beş ildən bir keçirilən Ümumdünya Statistika Günü ölkəmizdə də təntənəli şəkildə qeyd edilir: “BMT-nin Statistika Komissiyasının 2025-ci il 4-7 mart tarixlərində keçirilmiş 56-cı sessiyasında BMT Baş katibinin Ümumdünya Statistika Günü ilə bağlı təqdim olunmuş məruzəsinə əsasən bu əlamətdar gün cari ildə beynəlxalq, milli və regional səviyyədə “Hər kəs üçün keyfiyyətli statistika ilə inkişafa təkan verək” şüarı altında keçirilir. Bu günün təsis edilməsində əsas məqsəd cəmiyyətin bütün üzvlərinin, xüsusilə beynəlxalq təşkilatların, elmi dairələrin, medianın, rəsmi statistikanın bütün istehsalçı və istifadəçilərinin diqqətinin müasir dövrün problemlərinin həlli üçün adekvat informasiya təminatında mühüm rol oynayan statistikaya yönəldilməsidir”.

Komitə sədri vurğulayıb ki, qlobal mütərəqqi təşəbbüslərə böyük önəm və töhfə verən Azərbaycanda Ümumdünya Statistika Günü ilk dəfə 2015-ci ildə təntənəli şəkildə qeyd olunmuşdur: “Lakin 2020-ci ildə Ermənistanın Azərbaycana qarşı növbəti hərbi təcavüzündən sonra başlayan İkinci Qarabağ müharibəsi ilə əlaqədar Ümumdünya Statistika Gününün ölkəmizdə qeyd edilməsi mənəvi prinsiplər və etik normalar baxımından mümkünsüz hesab edilmiş və bununla bağlı Dövlət Statistika Komitəsi tərəfindən beynəlxalq təşkilatlara və dünya ölkələrinin statistika qurumlarına müraciət ünvanlanmışdır”.

Tahir Budaqov qeyd edib ki, bu il – Vətən Müharibəsindəki möhtəşəm Zəfərimizin 5 illiyində Ümumdünya Statistika Gününün ölkəmizdə də yüksək səviyyədə, təntənəli şəkildə qeyd olunması məqsədilə Dövlət Statistika Komitəsi kollegiyasının 2025-ci il 27 avqust tarixli, 7 nömrəli qərarı ilə təsdiq edilmiş “Ümumdünya statistika gününün qeyd edilməsinə dair Tədbirlər planı”na uyğun olaraq, 24-26 sentyabr tarixlərində Bakı şəhərində “Statistikanın inkişaf perspektivləri: beynəlxalq layihələrin rolu” mövzusunda 3-cü Beynəlxalq Statistika Forumu keçirilmişdir. Onun sözlərinə görə, Avropa, Asiya, Amerika və Afrika qitələrini təmsil edən 16 ölkənin və 10 beynəlxalq təşkilatın nümayəndə heyətlərinin, tanınmış elmi ictimaiyyət xadimlərinin və ekspertlərin qatıldıqları Forum milli statistika sistemlərinin inkişafı, rəsmi statistika sahəsində yeni hədəflərin müəyyən edilməsi baxımından xüsusi əhəmiyyət daşımış, eləcə də qlobal statistik təşəbbüslərin, beynəlxalq və qabaqcıl təcrübələrin bölüşülməsində səmərəli platforma kimi beynəlxalq əməkdaşlığın dərinləşdirilməsinə öz töhfəsini vermişdir: “Fürsətdən istifadə edərək Forum iştirakçılarına ünvanlandığı müraciətə, Ümumdünya Statistika Günü münasibətilə təbrikinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə bir daha ölkə statistikləri adından təşəkkürümü bildirirəm. Qeyd etmək istərdim ki, ölkə başçısının müraciətində statistikanın əhəmiyyətinin ildən-ilə artaraq cəmiyyətin tərəqqisini, dövlət siyasətinin effektivliyini və qlobal çağırışlara cavabvermə qabiliyyətini qiymətləndirmək üçün mühüm vasitələrdən birinə çevrildiyini vurğulaması, Azərbaycanda milli statistika sisteminin ardıcıl şəkildə inkişaf etdirildiyi, rəsmi statistik məlumatların beynəlxalq standartlara uyğun, innovativ yanaşmalar əsasında istehsalının daim diqqət mərkəzində saxlanıldığı barədə dəyərli fikirlər bildirməsi statistikləri ruhlandırmaqla yanaşı, ölkəmizin gələcəyi naminə düzgün qərarların qəbul olunması üçün statistika məlumatlarının vaxtında və keyfiyyətlə hazırlanması ilə bağlı məsuliyyətimizi daha da artırır”.

Komitə sədri qeyd edib ki, Tədbirlər planına uyğun olaraq yerli statistika orqanlarında da Ümumdünya Statistika Gününün qeyd edilməsi ilə bağlı tədbirlər görülmüş, bu günlə əlaqədar Dövlət Statistika Komitəsinin rəsmi internet səhifəsində xüsusi bölmə yaradılmış, statistik maarifləndirmə məqsədilə materiallar hazırlanaraq mediada çıxışlar edilmiş, “Statistika xəbərləri” elmi-praktik jurnalının Ümumdünya Statistika Gününə həsr olunmuş xüsusi buraxılışı hazırlanmışdır: “Xüsusi buraxılışda BMT-nin Statistika Şöbəsinin direktoru, MDB Dövlətlərarası Statistika Komitəsinin sədri, Bolqarıstan, Koreya Respublikası, Qırğızıstan, Özbəkistan, Tacikistan və Türkiyənin statistika qurumlarının rəhbərləri tərəfindən Azərbaycan statistiklərinə Ümumdünya Statistika Günü ilə bağlı ünvanlanmış təbriklər, Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin, Dövlət Gömrük Komitəsinin və Mərkəzi Bankın sədrlərinin, Qazaxıstan, Gürcüstan, Serbiya, Macarıstan, Belarus və Türkiyə milli statistika qurumlarının rəhbərlərinin və yüksək vəzifəli əməkdaşlarının, eləcə də ölkənin tanınmış elm adamlarının statistikanın aktual məsələlərinə həsr olunmuş məqalələri əksini tapmışdır. Gənclər arasında statistikaya marağın artırılması, onlar arasından statistik biliklərə malik istedadlı gənclərin aşkar edilərək həvəsləndirilməsi məqsədilə yuxarı sinif şagirdləri və ali məktəb tələbələri arasında keçirilən statistik olimpiada isə xüsusi əhəmiyyəti ilə seçilən tədbirdir.

Tahir Budaqov bildirib ki, rəsmi statistikaya olan inam və etibarın qorunub saxlanılması, rəsmi statistikanın əsas prinsiplərinə sadiq qalaraq və “Hər kəs üçün keyfiyyətli statistika ilə inkişafa təkan verək” şüarını rəhbər tutaraq bəşəriyyətin gələcəyi naminə düzgün qərarların qəbul olunması üçün statistik məlumatların vaxtında və keyfiyyətlə hazırlanaraq istifadəçilərə təqdim edilməsi bu gün statistiklərin qarşısında duran ən mühüm vəzifədir: “Müsbət haldır ki, ölkələrin sosial-iqtisadi inkişaf prioritetlərinin müəyyən edilməsi üçün informasiya təminatında xüsusi rola malik olan milli statistika sistemləri təşəkkül tapdığı dövrdən etibarən beynəlxalq səviyyədə müəyyən edilmiş fundamental dəyərləri qoruyub saxlamış və böyük inkişaf yolu keçərək daim yeni perspektiv hədəflərə doğru irəliləmişdir. Milli və qlobal çağırışlara layiqincə cavab verməyi özünün əsas hədəfi hesab etməklə qlobal statistika ailəsinin bir üzvü kimi Azərbaycanın milli statistika sistemi də son illər ərzində daim tərəqqiyə can atmış, ciddi islahatlar yolu ilə yeni tələblərə uyğun inkişaf etdirilmişdir”.

Azərbaycanda milli statistika sisteminin inkişafının Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olduğunu söyləyən Komitə sədri əlavə edib ki, ölkədə onun rəhbərliyi ilə yaradılmış hüquqi baza əsasında bazar iqtisadiyyatı prinsiplərinə uyğun milli statistika sisteminin formalaşdırılması prosesinə başlanılmış, sonrakı illərdə uğurla davam etdirilən islahatlar rəsmi statistikanın inkişafına güclü təkan vermiş, bu sahədə ardıcıl qəbul olunmuş 6 dövlət proqramı uğurla icra edilmişdir: “Bu proqramlar çərçivəsində köklü islahatlar həyata keçirilmiş, o cümlədən milli statistik təsnifatların, müasir metodologiyaların hazırlanması və tətbiqi, Milli Hesablar Sisteminin qurulması, yeni statistika sahələrinin yaradılması və təkmilləşdirilməsi, istifadəçilərin statistik məlumatlara olan tələbatının ödənilməsi, elektron statistikanın inkişafı, sahibkarların üzərinə düşən statistik yükün azaldılması, rəsmi statistika istehsalı proseslərinin səmərəliliyinin yüksəldilməsi, keyfiyyəti idarəetmə sisteminin tətbiqi, metaməlumatların işlənilməsi, statistika orqanlarının maddi-texniki bazasının gücləndirilməsi və s. istiqamətlərdə mühüm tədbirlər görülmüşdür. Bunun nəticəsidir ki, ixtisaslaşmış beynəlxalq təşkilatlar tərəfindən aparılmış qlobal qiymətləndirmədə xarici ekspertlər həyata keçirilən islahatları yüksək qiymətləndirərək Azərbaycanın milli statistika sisteminin beynəlxalq standartlara uyğun olduğunu qeyd etmiş, Dövlət Statistika Komitəsi “Rəsmi statistika məlumatlarının istehsalı və yayılması” sahəsində nüfuzlu beynəlxalq audit təşkilatları tərəfindən ISO 9001:2015 Keyfiyyəti İdarəetmə Sisteminə dair beynəlxalq uyğunluq sertifikatına layiq görülmüşdür. Dövlət Statistika Komitəsi Azərbaycanda bu uyğunluq sertifikatına layiq görülən ilk mərkəzi icra hakimiyyəti orqanı olmaqla yanaşı, MDB məkanında da bu sertifikatı əldə edən ilk statistika qurumudur. Bundan başqa, Azərbaycan Respublikası Prezidentinin fərman, sərəncam və tapşırıqlarının icra vəziyyətinin “Dövlət Nəzarəti İnformasiya Sistemi” vasitəsilə qiymətləndirilməsinin nəticələrinə görə Dövlət Statistika Komitəsi son illərdə mərkəzi icra hakimiyyəti orqanları arasında 1-ci mövqedə qərarlaşmışdır”.

Komitə sədrinin sözlərinə görə, son illərdə baş verən qlobal siyasi, sosial və iqtisadi proseslər fonunda çevik qərarların qəbul edilməsi, onların icra vəziyyətinin qiymətləndirilməsi üçün etibarlı statistikanın təşkili zərurəti bu gün statistiklərin qarşısında yeni və həlli vacib daha mürəkkəb vəzifələr qoyur, informasiya texnologiyalarının sürətli inkişafı, alternativ, qeyri-ənənəvi məlumat mənbələrinin yaranması isə statistik proseslərin fasiləsiz modernizasiyasını, güclü potensiala malik kadrların formalaşdırılmasını tələb edir: “Bununla əlaqədar hesab edirik ki, iqtisadiyyatın ayrı-ayrı sahələri üzrə statistik göstəricilər sisteminin, metodologiyaların hazırlanması və təkmilləşdirilməsi, müşahidələrin aparılması, əldə edilən statistik məlumatların yayımı, ümumilikdə rəsmi statistika qarşısında duran vəzifələrin vaxtında və keyfiyyətlə icrası statistik istehsalın hüquqi və informasiya təminatının, beynəlxalq əməkdaşlığın, statistika orqanlarının maddi-texniki bazasının və kadr potensialının daha da gücləndirilməsini, habelə milli statistika sisteminin növbəti çoxillik dövr üzrə strateji inkişaf prioritetlərinin müəyyənləşdirilməsini şərtləndirir. Bu məqsədlə də Dövlət Statistika Komitəsi tərəfindən 2026-2030-cu illərdə rəsmi statistikanın inkişafına dair növbəti hədəflər artıq müəyyən edilmişdir. Yeni hədəflərin icrası demoqrafiya və əhali sakinliyi, milli hesablar, kənd təsərrüfatı, sənaye, nəqliyyat və turizm, işçi qüvvəsi, ev təsərrüfatları büdcələri, əhalinin fasiləsiz təhsildə iştirakı, əlilliyi olan şəxslərin, peşə və orta ixtisas təhsili müəssisələrinin məzunlarının məşğulluğu ilə bağlı aktual statistik məlumatların əldə olunmasına, eləcə də statistikanın yeni sahələri kimi formalaşmaqda olan yaşıl inkişaf, rəqəmsal iqtisadiyyat, mədəni və yaradıcı sənaye sahələri, elm, texnologiya və innovasiyalarla bağlı yeni göstəricilər üzrə statistik istehsalın təşkilinə, inzibati məlumat mənbələrindən istifadəni genişləndirməklə respondentlərin üzərinə düşən statistik yükün azaldılmasına, beynəlxalq səviyyədə makroiqtisadi müqayisələr üçün ən mühüm beynəlxalq statistika standartı kimi qəbul olunan Milli Hesablar Sisteminin yenilənmiş 2025-ci il versiyasının tətbiqi ilə beynəlxalq müqayisəliliyi təmin etməklə informasiya təminatının yüksəldilməsinə, eləcə də statistik istehsalın hüquqi və informasiya təminatının, beynəlxalq əməkdaşlığın, statistika orqanlarının maddi-texniki bazasının və kadr potensialının gücləndirilməsinə, milli statistika sisteminin fəaliyyətini qiymətləndirməklə növbəti strateji inkişaf prioritetlərinin müəyyən olunmasına, ümumilikdə rəsmi statistikanın dayanıqlı inkişafına mühüm töhfə verəcəkdir”.

Tahir Budaqov çıxışının sonunda fəaliyyət göstərdiyi sahədən asılı olmayaraq rəsmi statistika istehsalı prosesinə öz töhfəsini verən hər bir şəxsi bu əlamətdar gün münasibətilə təbrik edib, onlara işlərində uğurlar arzulayıb.

Təbirdə çıxış edən Azərbaycan Respublikası elm və təhsil nazirinin müavini İdris İsayev Ümumdünya Statistika Günü ilə bağlı Dövlət Statistika Komitəsi tərəfindən gənclər arasında statistikaya marağın artırılması, onlar arasından statistik biliklərə malik istedadlı gənclərin aşkar edilərək həvəsləndirilməsi məqsədilə yuxarı sinif şagirdləri və ali məktəb tələbələri arasında keçirilən statistik olimpiadanın xüsusi əhəmiyyətindən bəhs edərək belə tədbirlərin gənclər üçün statistika elmi, habelə ölkənin sosial-iqtisadi həyatında baş verən hadisə və proseslər haqqında daha geniş rəsmi statistik məlumatları əldə etmək imkanları yaratdığını bildirib.

Statistik olimpiadanın yekunlarına dair hesabat məruzəsi ilə çıxış edən Dövlət Statistika Komitəsi sədrinin müavini, təşkilat komitəsinin sədri Yusif Yusifov qeyd edib ki, olimpiadada ümumilikdə 3355 nəfər şagird, 198 nəfər tələbə iştirak etmişdir: “Şagirdlər arasında keçirilmiş olimpiadanın nəticələrinə görə, Qusar rayonu Hil kəndi Kərim Kərimov adına tam orta ümumtəhsil məktəbin 11-ci sinif şagirdi Qurbanova Günel Yafəs qızı 1-ci, Kəngərli rayonu Qıvraq qəsəbə tam orta məktəbin 11-ci sinif şagirdi Novruzov Suat Ziya oğlu 2-ci, İmişli şəhəri Aslan Eminov adına 7 nömrəli tam orta ümumtəhsil məktəbin 9-cu sinif şagirdi Alışov Əli Elməddin oğlu 3-cü, tələbələrdən isə Bakı Ali Neft Məktəbi, “Biznesin idarə edilməsi” ixtisası, 5-ci kurs tələbəsi Xəlilli Murad Çingiz oğlu 1-ci, 4-cü kurs tələbəsi Aslanov Arif Mirabbas oğlu isə 2-ci, Azərbaycan Dövlət Aqrar Universiteti, “Marketinq” ixtisası, 3-cü kurs tələbəsi Hacıyev Ülvi Qubad oğlu 3-cü yeri tutmuşdur”.

Statistik olimpiadanın final mərhələsinə keçmiş tələbə və şagirdlərə sertifikat və hədiyyələr, olimpiadanın qaliblərinə isə diplom və hədiyyələr təqdim olunmuş, xatirə şəkilləri çəkilmişdir.

Daha sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 21 iyun 2025-ci il tarixli sərəncamı ilə təltif edilmiş Komitə əməkdaşlarına orden və medallar təqdim olunub. Təltif olunan əməkdaşlar dövlət başçısına öz minnətdarlıqlarını bildiriblər. Sonda media nümayəndələrinin sualları cavablandırılıb.